Вернуться назад Распечатать

Azərbaycan-İtaliya iqtisadi tərəfdaşlığı strateji əməkdaşlığın əsas dayağıdır

Mayın 4-də İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana rəsmi
səfəri iki ölkə arasında münasibətlərin dinamik inkişafının növbəti mühüm mərhələsi kimi
qiymətləndirilə bilər. Səfər çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr və mətbuata verilən
bəyanatlar göstərdi ki, Bakı ilə Roma arasında əməkdaşlıq artıq ənənəvi enerji tərəfdaşlığı
çərçivəsindən çıxaraq daha geniş geosiyasi və iqtisadi məzmun kəsb edir.
Prezident İlham Əliyev səfərin yekunu ilə bağlı mətbuata bəyanatında Azərbaycan–İtaliya
əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayaraq, bu münasibətlərin uzunmüddətli
sabitlik və qarşılıqlı etimad üzərində qurulduğunu qeyd etdi. Qeyd etmək yerinə düşər ki, 2014-cü və
2020-ci illərdə strateji tərəfdaşlığa dair iki bəyannamə imzalanmışdır.
Dövlət başçısı bildirdi ki, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və bu
əməkdaşlıq xüsusilə enerji sahəsində özünü qabarıq şəkildə göstərir. Ötən il bizim ticarət dövriyyəmiz
təxminən 12 milyard dollar təşkil etmişdir. Həmin dövrdə Azərbaycan ixrac edilmiş 25 milyard kubmetr
təbii qazın 9,5 milyardı İtaliya bazarının payına düşüb. Bu kontekstdə Azərbaycanın Avropanın enerji
təhlükəsizliyində oynadığı rolun artması fonunda İtaliya ilə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir.
Məlumdur ki, Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizi layihəsi iki ölkə
arasında strateji əməkdaşlığın əsas sütunlarından biridir. Bu layihənin mühüm hissəsi olan Trans-
Adriatik Boru Kəməri vasitəsilə Azərbaycan qazının məhz İtaliya bazarına çıxarılması ölkələr arasında
qarşılıqlı asılılıq və tərəfdaşlıq münasibətlərini daha da möhkəmləndirir. Prezident İlham Əliyevin də
qeyd etdiyi kimi, enerji əməkdaşlığı yalnız iqtisadi deyil, həm də siyasi sabitlik və təhlükəsizlik
baxımından strateji əhəmiyyət daşıyır.
İtaliyanın Baş naziri Ciorcia Meloni isə səfər çərçivəsindəki görüşlərdə və mətbuata
bəyanatında Azərbaycanı etibarlı tərəfdaş kimi dəyərləndirərək, ölkəsinin Cənubi Qafqaz regionunda
sabitliyin və inkişafın tərəfdarı olduğunu bildirmişdir. O, həmçinin vurğulamışdır ki, İtaliya Azərbaycan
ilə yalnız enerji sahəsində deyil, sənaye, nəqliyyat, yüksək texnologiyalar və humanitar istiqamətlərdə
də əməkdaşlığı genişləndirmək niyyətindədir.
Diqqətçəkən məqamlardan biri də iqtisadi əlaqələrin şaxələndirilməsi istiqamətində atılan
addımlardır. Azərbaycan Dövlət Neft Fondu son bir neçə il ərzində İtaliya iqtisadiyyatına təxminən 3
milyard dollar sərmayə qoyub. Hazırda İtaliyanın 130-a yaxın şirkəti Azərbaycanda, o cümlədən
işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda bir çox layihələr həyata keçirir. Eyni zamanda
Azərbaycanın İtaliya bazarına ixrac imkanlarının genişlənməsi iqtisadi münasibətlərin davamlı
inkişafını təmin edir. Bu, xüsusilə qeyri-neft sektorunun inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Bununla yanaşı, tərəflər arasında mədəni-humanitar əlaqələrin inkişafı da diqqət mərkəzindədir.
Təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlıq xalqlar arasında qarşılıqlı anlaşmanın
möhkəmlənməsinə xidmət edir. Keçən il Bakıda açılmış İtaliya-Azərbaycan Universitetində bu gün 500-
dən çox tələbə təhsil alır. Azərbaycanın zəngin mədəni irsi ilə İtaliyanın qədim sivilizasiya ənənələrinin
qarşılıqlı təması bu əlaqələrə xüsusi rəng qatır.
Mövcud geosiyasi reallıqlar fonunda Azərbaycan–İtaliya münasibətləri həm də daha geniş
regional və beynəlxalq kontekstdə böyük əhəmiyyət kəsb edir. Avropanın enerji təhlükəsizliyi, nəqliyyat
dəhlizlərinin inkişafı və qlobal iqtisadi əməkdaşlıq baxımından Bakı ilə Romanın tərəfdaşlığı strateji
xarakter daşıyır. Xüsusilə Orta Dəhlizin inkişafı və Avropa ilə Asiya arasında əlaqələrin gücləndirilməsi
istiqamətində Azərbaycan mühüm rol oynayır ki, bu da İtaliya üçün əlavə imkanlar yaradır.
Nəticə etibarilə, Ciorcia Meloninin Azərbaycana səfərinin məzmunu bir daha təsdiq etdi ki,
Azərbaycan–İtaliya münasibətləri yüksələn xətt üzrə inkişaf edir və yeni məzmunla zənginləşir. Bu
münasibətlər yalnız iki ölkənin milli maraqlarına xidmət etmir, eyni zamanda daha geniş regionda
sabitlik, təhlükəsizlik və əməkdaşlıq üçün mühüm platforma rolunu oynayır.
Beləliklə, formalaşan yeni mərhələ Azərbaycan–İtaliya tərəfdaşlığını strateji müstəvidən
çoxşaxəli və dayanıqlı əməkdaşlıq modelinə doğru aparır ki, bu da yaxın gələcəkdə daha uğurlu
nəticələr vəd edir.
Aynur Rəhimova,
Sabirabad rayon Musiqi məktəbinin direktoru