Вернуться назад Распечатать

“Asif həkim dedi ki, anan şüaya dözməyəcək, get əməliyyat etdir” - Jurnalist onunla bağlı xatirələrini yazdı

Milli Onkologiya Mərkəzində baş verən partlayış nəticəsində vəfat edən həkim-radioloqu Asif Nəsirli haqda maraqlı faktlar ortaya çıxıb.

 
1xeber.media  xəbər verir ki, jurnalist Kərəm Ələsgərov həkim Asif Nəsirli haqqında xatirələrini bölüşüb. 
Həkimi 10 ildir tanıdığını deyən jurnalist xatirəsini belə dilə gətirib:
 

"Asif həkimi 10 ildən çox idi tanıyırdım. Anamda çox az adamda aşkarlanan yerdə iri bir şiş əmələ gəlmişdi. Həkimlər əməliyyata almağa risk etmirdilər. Hətta dedilər ki, əməliyyat etsək belə, şişi götürməyə bilərik. Ona görə mənə məsləhət gördülər ki, get şüa verdir. Axtardım, araşdırdım və dedilər ki, Asif həkimlə görüş. Onunla görüşdüm. O dedi ki, anam şüaya dözməyəcək. Dözsə belə, o şiş şüa ilə getməyəcək. Ona görə də get əməliyyat etdir. Bəlkə 1 saata yaxın mənə hər bir şeyi xırdalığına qədər izah etdi. Anam 8 saata yaxın ağır əməliyyat olundu. Halbuki həkimlər anamın yaşamasına 6 ay - 1 il vaxt qoymuşdular. Amma anam, göydə Allah, yerdə yaxşı həkimlərin, bir də özünün və mənim psixoloji cəhətdən güclü olmağım nəticəsində 13 ilə yaxın yaşadı".

O qeyd edib ki, həkim xəstələrinə öz doğması kimi yanaşıb: 

"Hər dəfə xəstəxanada Asif həkim anamı görəndə uşaq kimi sevinirdi. Mən isə hər dəfə ona təşəkkür edirdim ki, bizi doğru yönəltdiniz. Ondan sonra Asif həkimlə dostlaşdıq. Neçə nəfər tanıdığım şəxslərə də çox faydası dəydi. Xəbərini eşidəndən sonra hər gün dua edirdim. İnanırdım ki, o yaşayacaq və yenidən xəstələrimizə şəfa olacaq. Amma… Ruhun şad olsun, həkim. Çox heyif ki, yaxşıların qədrini itirəndən sonra bilirik..."

Jurnalist onkoloji diaqnoz qoyulan xəstələrdə əsas psixoloji vəziyyətin yüksək olmasının vacib olduğunu vurğulayıb:
 
Mövzudan kənara çıxım. Kimə ki, onkoloji diaqnoz qoyulur, o xəstələr çox təəssüf ki, öldükləri günü gözləyir. Bunu 15 il xəstəxanaları gəzəndə müşahidə etmişəm. Vaxtında həkimə gedilsə, həkimin dediklərinə əməl olunsa və psixoloji cəhətdən güclü olsalar, daha çox yaşaya bilərlər. Allah bütün xəstələrə şəfa versin və yaxşı həkimləri qorusun".