Ermənistanda səfərdə olan Makron quru sərhəddən Türkiyəyə keçmək istəsə də, Ankara Bakı ilə danışıqlardan sonra buna icazə verməyib. Məlumata görə, səfər əvvəlcə Türkiyənin ayrı-ayrı nümayəndələri ilə razılaşdırılıb, lakin məsələ Ərdoğanın masasına gəldikdə o, Azərbaycanla müzakirələrdən sonra Makronun quru sərhədini keçməsinə razı olmayıb.
1xeber.media xəbər verir ki, Makronun sərhədi keçmək istəyinin arxasında həm İrəvanın, həm Parisin siyasi hədəfləri var.
İrəvan Türkiyə ilə sərhədin açılmasında Azərbaycanın rolunun arxa plana keçməsinə çalışır. Paşinyan da daxil olmaqla, Ermənistan rəsmiləri dəfələrlə Ankara-İrəvan xəttindəki normallaşma prosesində “üçüncü tərəfin” (söhbət Bakıdan gedir) iştirakına qarşı çıxıb, sərhədin açılmasına ikitərəfli münasibətlər kontekstində nail olmağa çalışıblar. Lakin Ankara Bakının maraqları fonunda bundan imtina edib, hətta Türkiyə və Ermənistanın “üçüncü şəxslərin sərhəddən keçidi” ilə bağlı razılaşması da praktiki olaraq işləmir. Bu kontekstdə Makronun sərhədi keçmək istəyi düşünülmüş plan idi.
- Ermənistan bununla “üçüncü şəxslərin sərhəddən keçidi” razılaşmasında,
- Bakı-Ankara xəttində müəyyən narazılıq yaratmaq və Azərbaycanı Türkiyə-Ermənistan danışıqlarından kənarlaşdırmaqda,
- Türkiyə ilə sərhədin açılması prosesində Bakının şərtlərinin yerinə yetirilməsi prioritetini dəyişdirməkdə praktiki nəticə əldə edə bilərdi;
- Və sərhədi Fransa prezidentinin keçməsi İrəvan üçün əsaslı presedent yaradacaqdı;
Paris Türkiyə ilə quru sərhədini adlamaqla təkcə Ermənistanın önünü açmır, həmçinin, Ankara-İrəvan danışıqlarında təsiredici oyunçu səviyyəsinə yüksələ bilərdi. Bu, Fransanın Azərbaycan-Ermənistan danışıqlarına təsir imkanlarını, ümumilikdə Cənubi Qafqazdakı rolunu gücləndirə biləcək amil idi. Makron Ermənistandan quru yolla Türkiyəyə getməklə Cənubi Qafqazın yenidən qurulan siyasi münasibətlər arxitekturasında “təminatçı”ya çevrilmək istəyirdi, lakin Ərdoğanla Əliyev buna imkan vermədi.