Вернуться назад Распечатать

İran bu ərəb ölkəsini niyə vurdu?

Yaxın Şərqdə baş verənlər artıq lokal hadisə deyil. Bu gün hər bir zərbə, hər bir insident qlobal güc balansının bir hissəsidir.

1xeber.media xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Elbəyi Həsənli qeyd edib.

O bildirib ki, Füceyrə limanına hücum təsadüfi deyil:

“O, Hörmüz boğazından kənarda yerləşən nadir enerji qovşaqlarından biridir və alternativ marşrut kimi strateji əhəmiyyət daşıyır. Yəni qəfil hücumun arxasında perspektivdə görünən təhlükədən sığortalanmaq cəhdi var. Füceyrə məhz buna görə vuruldu.

Mesaj aydındır: “Alternativ yollar da təhlükəsiz deyil”

İran uzun illər Hörmüz boğazı üzərindən təzyiq mexanizmi qurub. Amma alternativ marşrutlar gücləndikcə bu rıçaq zəifləyir. Füceyrə isə həmin alternativin simvoludur.

Digər tərəfdən, BƏƏ Qərbin əsas tərəfdaşlarından biridir. İranın strategiyası isə açıq müharibə yox, dolayı təzyiqdir — tərəfdaşları vurmaq.

ABŞ-ın İranın 4 gəmisini məhv etməsi də bu zəncirin davamıdır.

Yəni artıq qarşılıqlı cavab mərhələsinə keçilib.

Region ölkələrinin reaksiyası da təsadüfi deyil. Pakistanın etirazı göstərir ki, məsələ yalnız İran–ABŞ qarşıdurması deyil. Bu, enerji təhlükəsizliyi üzərində qlobal qarşıdurmadır.

Bugünkü reallıq budur: enerji marşrutları uğrunda mübarizə artıq iqtisadi yox, hərbi-siyasi mərhələyə keçib.

Füceyrə sadəcə liman deyil. Bu, yeni dünya nizamında strateji nöqtədir.

Və ən təhlükəli məqam: lokal hadisələr artıq qlobal böhranın tərkib hissəsinə çevrilir.

İran Füceyrəni ona görə vurdu ki, alternativ enerji yollarını risk altına salsın və öz geosiyasi rıçağını qoruyub saxlasın.

Sual açıq qalır: Bu qarşıdurma idarə olunan səviyyədə qalacaq, yoxsa nəzarətdən çıxacaq?”