Вернуться назад Распечатать

İdman zallarında gənclərə patı satılır? — AÇIQLAMA

İdman zallarında performans artırıcı adı altında satılan qeyri-qanuni maddələr gənclərin sağlamlığı üçün ciddi təhlükə mənbəyinə çevrilib. Sürətli nəticə vəd edən bu preparatların tərkibində çox vaxt asılılıq yaradan narkotik elementlər və zərərli kimyəvi qarışıqlar tapılır. Məlumatsız gənclər bədən quruluşunu təkmilləşdirmək istəyərkən, bilmədən daxili orqanlarına geri dönülməz zədələr vururlar. Bu gizli təhlükə ilə mübarizə aparmaq üçün idman mərkəzlərində dövlət tərəfindən ciddi monitorinqlər və antidopinq yoxlamaları keçirilməlidir. Eyni zamanda, məşqçilərin fəaliyyəti lisenziyalaşdırılmalı və onların təklif etdiyi bütün əlavələr tibbi sertifikatlara malik olmalıdır. 

1xeber.media xəbər verir ki,bununla bağlı hüquqşünas Rəhim Xoyski Demokrat.az-a bildirib ki, idman zallarında bu cür maddələrin yayılmasının qarşısını almaq üçün dövlət və müəssisə səviyyəsində ciddi mexanizmlər işləməlidir:

“İdman zallarında satılan bütün qida əlavələri (protein, amin turşuları və s.) müvafiq qurumlar (məsələn, Qida Təhlükəsizliyi Agentliyi) tərəfindən yoxlanılmalı və sertifikatlaşdırılmalıdır. Sertifikatı olmayan məhsulların satışı qadağan edilməlidir. Məşqçilərin tibbi təhsili olmasa da, onların dopinq və qadağan olunmuş maddələr barədə məlumatlılığı artırılmalıdır. Qanunsuz maddə təklif edən məşqçilərin lisenziyasının ləğvi və cinayət məsuliyyətinə cəlb edilməsi mexanizmi sərtləşdirilməlidir. Hüquq-mühafizə orqanları və səhiyyə qurumları idman zallarında qəfil reydlər və məhsul analizləri həyata keçirməlidir”.

O qeyd edib ki, bununla yanaşı, idman zallarında maarifləndirici lövhələr və məlumatlandırıcı materiallar yerləşdirilməlidir:

“Bu zaman vətəndaşlar istifadə etdikləri məhsulların tərkibi barədə məlumatlı olsunlar. İdmançılar üçün mütəmadi seminar və təlimlər təşkil edilərək sağlam və təhlükəsiz qidalanma prinsipləri izah edilməlidir. Bu sahədə ictimai nəzarət mexanizmləri gücləndirilməli, şikayətlərin operativ araşdırılması təmin olunmalıdır. Bu tədbirlər nəticəsində həm istehlakçıların sağlamlığı qorunar, həm də idman mühitində şəffaflıq və təhlükəsizlik artırılar”.

Xatırladaq ki, Bakıda fəaliyyət göstərən fitnes zalının rəhbəri və məşqçi Anar Mirbabayev külli miqdarda narkotik maddə, yəni metamfetamin (“patı”) ilə saxlanıldığı üçün məhkəmə qarşısına çıxarılıb. Məhkəmə onu narkotik vasitələri satış məqsədi olmadan qanunsuz saxlama maddəsi ilə təqsirli bilərək 3 il azadlıqdan məhrum edib. Lakin himayəsində iki azyaşlı övladı olduğu nəzərə alınaraq cəzanın icrası uşaqların 14 yaşı tamam olanadək təxirə salınıb və o, məhkəmə zalından sərbəst buraxılıb. İstintaq zamanı onun həyat yoldaşının ailəni tərk etdiyi və cütlüyün rəsmi boşandığı da məlum olub.