Son illər ölkə mediasında insanları düşündürən ən həssas sosial məsələlərlə bağlı müxtəlif məlumatlar və müzakirələr mütəmadi şəkildə gündəmə gətirilir. Xüsusilə pensiya, sosial yardım və uşaq pulu kimi mövzular cəmiyyətin diqqətində olan əsas məsələlərdəndir. Bir çox media qurumları müxtəlif “ekspert”lərin iştirakı ilə bu mövzuları müzakirəyə çıxarır, bəzən isə diqqəti daha çox emosional reaksiyaya hesablanmış başlıqlara yönəldirlər.
“Şad xəbər – pensiyalar artır”, “Şad xəbər – sosial yardımlar hamıya veriləcək” kimi başlıqlar artıq media məkanında adi hala çevrilib. Bu tip təqdimatlar cəmiyyətdə ümid yaratsa da, əksər hallarda real qərar və ya rəsmi mexanizm olmadan ictimai gözləntiləri artırır. Nəticədə insanlar arasında çaşqınlıq və narazılıq formalaşır.
Son iki gündə isə yenidən ən həssas mövzulardan biri - uşaq pulu məsələsi aktiv şəkildə müzakirəyə çıxarılıb. Maraqlıdır ki, bu mövzunu gündəmə gətirən şəxslər cəmiyyətə o qədər də tanış olmayan, “ekspert” kimi təqdim edilənlənlərdir. Halbuki uşaq pulu məsələsi sıradan sosial mövzu deyil. Bu məsələ minlərlə ailənin gündəlik yaşamı, sosial rifahı və gələcək gözləntiləri ilə birbaşa bağlıdır.
Şübhəsiz ki, bu gün Azərbaycanda hər bir ailə başçısı uşaq pulunun verilməsinin tərəfdarıdır. Mövzunun həssaslığı da məhz bundan qaynaqlanır. Ancaq hazırda dövlət səviyyəsində bu istiqamətdə konkret qərar və ya rəsmi mexanizm olmadığı halda, məsələnin yenidən emosional formada gündəmə daşınması müxtəlif suallar yaradır.
Bu prosesin arxasında iki ehtimal görünür.
Birincisi, müəyyən dairələr bu mövzunun yenidən ictimai gündəmə gəlməsində maraqlıdır. İkinci ehtimal isə yeni ortaya çıxan hansısa “ekspert”in mediada tanıdılması və diqqət mərkəzində saxlanılmasıdır. Amma mövzunun ictimai həssaslığı o qədər yüksəkdir ki, burada ikinci məsələ avtomatik olaraq arxa plana keçir. İnsanların diqqətində yalnız bir sual qalır: “Dövlət niyə uşaq pulunu vermir?”
Məhz bu məqamda məsuliyyət media qurumlarının üzərinə düşür. Çünki belə həssas mövzuların qeyri-rəsmi açıqlamalar və emosional təqdimatlarla gündəmə daşınması istər-istəməz vətəndaşla dövləti üz-üzə qoyur. Bu isə cəmiyyətdə əlavə narazılıq və inamsızlıq yarada bilər.
Əslində uzun illərdir uşaq pulu məsələsi ilə bağlı müxtəlif müzakirələr aparılır. Lakin bu müzakirələrin indiyədək ciddi praktik nəticəsi olmayıb. Dövlət bu məsələnin həllinə ya hazır deyil, ya da müəyyən iqtisadi və sosial səbəblərə görə bu addımı atmır. Bu, artıq illərdir dəyişməyən reallıqdır.
Belə olan halda bəzi media qurumlarının mövzunu yenidən qabartması və bunu “şad xəbər” formatında təqdim etməsi cəmiyyətdə yanlış gözləntilər yaradır. İnsanlarda elə təsəvvür formalaşır ki, yaxın zamanda qərar veriləcək və ya proses artıq başlayıb. Halbuki ortada rəsmi qərar yoxdur.
Media cəmiyyətin informasiya yükünü daşıyan əsas institutlardan biridir. Xüsusilə sosial mövzularda daha məsuliyyətli davranmaq, insanlarda süni ümid yaratmamaq və emosional manipulyasiyadan uzaq olmaq vacibdir. Əks halda bu cür yanaşmalar həm ictimai narazılığı artırır, həm də dövlət-vətəndaş münasibətlərində əlavə gərginlik yaradır.
bizimesr.com