Jurnalist Ekspert Mərkəzi Rusiya televiziyasının hərəkətini Azərbaycan və Ermənistana qarşı təxribata cəhd kimi qiymətləndirir.
1xeber.media xəbər verir ki, Mayın 6-da Rusiyanın dövlət kanalı olan “1-ci” kanalın “zaman göstərər” (“vremya pokajet”) verilişində Azərbaycanın təhrif olunmuş xəritəsi nümayiş olunub və mövcud olmayan qondarma “Dağlıq-Qarabağ” ifadəsi yer alıb.
Bu hadisə beynəlxalq jurnalistika prinsiplərinin pozuntusudur. Belə bir ərazi olmadığına görə, məlumat yalan xarakterlidir, məqsəd isə manipulyasiyadır. Jurnalistikanın yalan xəbər yaymağa ixtiyarı yoxdur. Jurnalistikanın ali məqsədi həqiqəti yaymaqdır, obyektivlik isə əsas peşəkarlıq meyarıdır.
Jurnalist Ekspert Mərkəzi Rusiyanın dövlət kanalının bu mövqeyini təxribat yaratmağa cəhd kimi qiymətləndirərək, sözügedən media orqanının bu hərəkətini Azərbaycan və Ermənistan cəmiyyətləri arasında inamsızlıq toxumu səpilməsi istəyinin təzahürü kimi qiymətləndirir.
İki qonşu dövlət arasında sülh sazişinin imzalanmasına hər gün bir qədər də yaxınlaşıldığı, Ermənistan rəhbərliyinin Azərbaycan barədə mütəmadi xoş fikirlər səsləndirdiyi, ölkəmizin ərazi bütövlüyünü hər qarışına qədər tam şəkildə dəstəklədiyini nəzərə alsaq, Rusiya dövlət televiziyasının Azərbaycanın ərazi bütövlüyünə yönələn dezinformasiyası sülhün bir başa əleyhinədir.
JEM beynəlxalq jurnalistika təşkilatlarını Rusiya televiziyasının artıq neçənci dəfədir Azərbaycan əleyhinə təbliğat ruporuna çevrildiyini qınamağa çağırıb.