Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi ölkədə dərman vasitələrinin qeydiyyatı, idxalına icazələrin verilməsi, aptek şəbəkəsində dərman dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, eləcə də özəl tibb və əczaçılıq müəssisələrinin fəaliyyətinə nəzarət kimi mühüm funksiyaları həyata keçirən qurumdur.
1xeber.media bildirir ki, Mərkəzə rəhbərlik edən Murad Süleymanov əvvəllər Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsində rəis müavini vəzifəsində çalışıb. Bu vəzifədə çalışdığı zaman müxtəlif problemləri olduğu iddia edilən M. Süleymanovun indiki vəzifəyə təyinatı da maraqlı şəxslərə və detallara söykənir.
Bizimesr.com-a daxil olan məlumata görə, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi rəhbərliyi səlahiyyətlərindən istifadə edərək lisenziya verilən özəl tibb müəssisələrində və apteklərdə yoxlamalar aparır. Elə əsas məsələ də bu yoxlamalarla bağlıdır. İddia olunur ki, yoxlamalar öncədən müəssisələrə xəbər verilməklə həyata keçirilir, məktub göndərilir və vaxt müəyyənləşdirilir. Bu isə yoxlamanı sual altına qoyur. Yoxlama barədə əvvəlcədən məlumat verilməsi nə deməkdir? Əgər məqsəd neqativləri araşdırmaq, yoxlamaq və üzə çıxarmaqdırsa, yoxlama barədə öncədən niyə məlumat verilir? Xüsusilə dərman, qida və təhlükəsizlik kimi sahələrdə xəbərsiz yoxlamalar çox vacib sayılır. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi isə adətən xəbərli yoxlamalar aparır.
İddia olunur ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi üçün nəticələr əsas deyil və bəzi hallarda yoxlanan müəssisə mütləq cərimələnir. Özəl tibb müəssisələri üçün cərimə məbləği ən azı 6 min manatdır. Yəni nöqsan olub-olmamasından asılı olmayaraq, yoxlama aparıldıqda mütləq müəyyən nöqsanlar tapılır və müəssisə 6 min manat cərimələnir kimi iddialar var. Həmçinin yoxlamaların nəticələrinə təsir göstərilməsi və ya müəyyən halların yumşaldılması istiqamətində imkanların olduğu da səsləndirilir.
Sözügedən iddialarla bağlı rəsmi qurumların mövqeyini dərc etməyə hazırıq.