Ukrayna Avropaya Rusiya ilə danışıqlarda vasitəçi kimi çıxış etməyi təklif edib və bunun üçün kiçik addımdan – hava limanlarına qarşılıqlı zərbələrin dayandırılmasından başlamağı irəli sürüb.
1xeber.media xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “Politiko” nəşrinə bildirib.
Qeyd olunub ki, bu atəşkəs variantı Avropa liderlərinə diplomatik prosesdə konkret rol verə bilər. Çünki ABŞ-ın rəhbərliyi altında Moskva ilə Kiyev arasındakı danışıqlar zəifləyib və Rusiya Prezidenti Vladimir Putin müharibənin daha geniş şəkildə dayandırılması ilə bağlı razılaşmaya xüsusi maraq göstərmir.
“Yəqin ki, Avropaya bizim sülh səylərimizdə yeni rol lazımdır. Ola bilsin ki, biz hava limanları üzrə atəşkəsə nail olmağa çalışaq”, – deyə Sibiqa vurğulayıb.
O əlavə edib ki, Putinin belə razılaşmada iştirak etmək üçün motivasiyası ola bilər, çünki Moskvanın Şeremetyevo və Sankt-Peterburqun Pulkovo hava limanı kimi iri nəqliyyat qovşaqları Ukraynanın uzaqmənzilli hücumlarına qarşı getdikcə daha həssas olur.