Məlum olduğu kimi, bir müddət əvvəl Gənclər və İdman Nazirliyinin qərarı ilə muaytay idman növü Azərbaycan Kikboksinq Federasiyasının fəaliyyət istiqamətinə daxil edilib və ölkə ərazisində yayılan idman növü kimi tanınıb.
1xeber.media xəbər verir ki,"Unikal"ın əldə etdiyi məlumata görə, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Günel Sevdimalıyevanın sədrliyi ilə keçirilən iclasda muaytay idman növünün kikboksinqin fəaliyyət istiqamətinə daxil olmadığı ilə bağlı qərar qəbul olunub. Məsələyə Gənclər və İdman Nazirliyi tərəfindən yenidən baxılacaq.
Muaytay Federasiyasının keçmiş prezidenti Araz Musayev saytımıza açıqlamasında bildirib ki, Bakı Apellyasiya Məhkəməsi Muaytay Federasiyasının müstəqil, yəni Kikboksinq Federasiyasından ayrı fəaliyyət göstərməsini bərpa edib:
"Müəyyən edildi ki, muaytay və kikboksinq fərqli idman növləridir. Dünya Kikboksinq və Muaytay-Tayboks federasiyalarının da tamamilə fərqli təşkilatlar olduğu qeyd olundu. Beləliklə, məhkəmə Gənclər və İdman Nazirliyinin qərarını ləğv etdi. Yeni qərarın qəbul olunması üçün məhkəmə nazirliyə təqdimat göndərdi".