Dünən Bakı şəhəri 177 nömrəli tam orta ümumtəhsil məktəbində Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə müasir Azərbaycanın ən aktual mövzularından birinə həsr olunan “Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərs keçirilib. Qeyd edilməlidir ki, bu mövzuda tədbirin keçirilməsi gənc nəslin tarixi köklərimizə bağlılığı və milli kimlik şüurunun inkişafı baxımından strateji əhəmiyyət kəsb edir.
1xeber.media xəbər verir ki, bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə məktəbin direktoru Arzu Süleymanova açaraq, mövzunun əhəmiyyətini və dövlətimizin Qərbi Azərbaycanla bağlı yürütdüyü strateji kursun təhsil müəssisələrində təbliğinin vacibliyini vurğulayıb.
Açıq dərsdə fəxri qonaq qismində ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, professor Mahirə Nağı qızı Hüseynova, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədr müavini Hikmət Babaoğlu, Nərimanov Bələdiyyəsinin sədri, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü Təmraz Tağıyev, Elm və Təhsil Nazirliyinin məsul əməkdaşları Rövşən Ağayev və Maral Salmanova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Turanə Məcidova, ADPU-nun filologiya kafedrasının əməkdaşı Gülər Süleymanova və Vətən Müharibəsi Qəhrəmanı, şəhid Zaur Nudirəliyevin oğlu Ömər Nudirəliyev iştirak ediblər.
Professor Mahirə Hüseynova çıxışında Qərbi Azərbaycanın zəngin ədəbi-mədəni mühiti və dil tariximizdəki yeri barədə şagirdlərə çox dolğun və elmi faktlara söykənən məlumatlar verərək, gənc nəsilin bu torpaqlara həm tarixi, həm də mənəvi bağlılığının daha da gücləndirilməsinə daim ehtiyac olduğunu xüsusilə vurğulayıb.
Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədr müavini Hikmət Babaoğlu qeyd edib ki, tarixi-mədəni, pedaqoji-psixoloji irsin öyrənilməsi, tədqiqi, gənc nəslə təbliği və tədrisi tarixi yaddaşı möhkəmləndirməyin, milli varlığı qorumağın önəmli amilləridir.
Azərabycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov Bələdiyyəsinin sədri, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü Təmraz Tağıyev çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin dünyaya bəyan etdiyi “Qərbi Azərbaycan bizim torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir” həqiqəti bütün elmi tədqiqatlarda da öz əksini tapan zəngin materiallarla bir daha sübuta yetirilir. Odur ki, hər birimiz gənc nəslə qədim tariximizi, xüsusən Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağı olmasını təbliğ etməli və bu işdən yorulmamalıyıq.
Çıxış edən digər natiqlər böyük elm, maarif, mədəniyyət mərkəzlərindən biri kimi şöhrət tapan Qərbi Azərbaycanda ata-babalarımızin yaratdıqları tarixi abidələri, zəngin ədəbi-mədəni mühiti, milli-mənəvi dəyərlərin formalaşmasına xidmət edən təhsil ocaqlarında öyrənilməsi və gələcək nəsillərə çatdırılması xalqımızın tarixi yaddaşının zənginləşməsinə xidmət etdiyini xüsusi ilə vurğulamışlar. Natiqlər bildiriblər ki, biz nadir və zəngin mənəvi irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır.
Açıq dərs məktəbin həm Azərbaycan, həm də rus bölmələrinin 10-11-ci sinif şagirdlərini əhatə edərək, mövzunun multikultural bir mühitdə vahid milli ideologiya əsasında tədrisini təmin etmişdir. Açıq dərsin ən mühüm özəlliyi onun interaktiv formatda təşkil edilməsi idi. Professor Mahirə Hüseynovanın şagirdlərlə mövzu ətrafında dialoqu şagirdlər tərəfindən rəğbətlə qarşılanmışdır. Belə ki, şagirdlər açıq dərsdə passiv dinləyici deyil, prosesin aktiv iştirakçısı kimi çıxış ediblər.







