Dədə Qorqud el ağsaqqalıdır. O, rəvayətə görə türk xanlarına vəzirlik edib. Başqa mənbələrdə isə ozan, aşıq kimi təqdim olunur. Əlqərəz, Dədə Qorqud türk elinin öyüd-nəsihət verəni olub. Onun 295 il yaşadığı da rəvayətlərdə qeyd olunur. Yəni uzun ömür yaşamış bir ahıl ozan kişi olub. Bu da o deməkdir ki, onun adını daşıyan bir layihə varsa, Dədə Qorquda uyğun olmalıdır.
Ən azından onun yaşına-başı nəzərə alınmalıdır. Di gəl, Bakının Nərimanov rayonunda yerləşən Dədə Qorqud adına park elə vəziyyətdir ki, özü bir anlıq dirilib gəlsəydi heyrət edərdi, ya da 13-cü boyu qələmə alardı. Çünki Dədə Qorqud parkının tikintisini həyata keçirənlər bura gəzintiyə qoca, uşaq, hamilə, fiziki qabiliyyəti məhdud adamların gəldiyini nəzərə almayıb. Əgər park ağsaqqal Dədə Qorqudun adını daşıyırsa, ilk növbədə elə ahıl adamların buranı gəzməyə gəldiyini nəzərə alaraq, yeraltı keçid, eskalatorlu keçidlər təşkil etmək lazım idi. Sanki parkın tikintisində icraçılar Aruz və digər mənfi obrazlar iştirak edib. Axı bir park salınırsa, onun yaxınlığında eskalatorlu keçid və ya lift olmalıdır. Çünki parka gələnlər arasında xəstə, yaşlı, əlil, hamilə insanlar ola bilər. Və nəinki ola bilər, parka bu kateqoriyadan gələnlər də var. Reportyorlarımız ərazidə olarkən çox şeyi müşahidə etdik. Əməkdaşımız reportaj hazırlayarkən şahid olub ki, bura gələnlərin rahat keçidi üçün heç bir şərait yaradılmayıb. Halbuki parkın tikintisinə cavabdeh olanlar və nəzarətedici qurum dərhal eskalatorlu keçid və lift quraşdırılması üçün hərəkətə keçməli, real iş görməlidir. Çünki yaz-yay, eləcə də payızda vətəndaşlar Dədə Qorqud parkında gəzintiyə çıxırlar. Əfsuslar olsun ki, bura gələn qoca, əlil və ya hamilə şəxslər üçün keçid qoyulmayıb. Belə də Dədə Qorqud parkı olar?
Üstəlik, xatırladırıq ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Bakı şəhərində yerləşən yerüstü və yeraltı piyada keçidlərində eskalator və bəzi liftlərin yenilənməsi istiqamətində hazırlıq işlərinə başlanıldığı açıqlanıb.
1xeber.media xəbər verir ki, bu barədə mətbuata məlumatı Bakı Şəhər İcra Hakimiyyətindən Xalid Ələkbərov verib. Bu işlər çərçivəsində sakinlərdən daxil olan şikayətlər əsasında paytaxtın müxtəlif ərazilərində yerləşən 46 ünvandakı yerüstü və yeraltı keçiddə ümumilikdə 177 eskalatorun və 2 travelatorun (pilləsiz, gəzinti sürətini artırmaq üçün özü hərəkət edən şaquli yol) yenilənməsi nəzərdə tutulur. Eyni zamanda, yerüstü piyada keçidlərində quraşdırılmış bəzi liftlərin dəyişdirilməsi və əsaslı təmiri də həyata keçiriləcək.
O zaman bu işlərdən biri də mütləq şəkildə Dədə Qorqud parkında görülməlidir. Parkda söhbətləşdiyimiz paytaxt sakinləri də qeyd ediblər ki, eskalatorlu keçidə və liftə ehtiyac var. Onlar BŞİH rəhbəri Eldar Əzizovun prezidentin 2013-cü ildə açılışında iştirak etdiyi Dədə Qorqud parkında sözügedən problemlərin həlli üçün tapşırıq verməsini xahiş edirlər. Sakinlərin sözlərinə görə, parka gələn yaşlılar, uşaqlı valideynlər, əlil və fiziki məhdudiyyətli şəxslərin eskalatorlu keçidə ehtiyacı var. Amma BŞİH indiyə qədər bu problemi görməzdən gəlib. İndi isə dövlət başçısının göstərişi ilə görüləcək işlərə Dədə Qorqud parkı da əlavə edilə bilər.
Xatırladaq ki, Ulu öndər Heydər Əliyev 2000-ci ilin aprelində parkın yerləşdiyi bu ərazidə "Dədə Qorqud heykəli və Dədə Qorqud dünyası" tarixi-etnoqrafik kompleksinin yaradılması haqqında" fərman imzalamışdı. Daha sonra 2 aprel 2007-ci ildə prezident İlham Əliyevin imzaladığı sərəncamla Nazirlər Kabinetinə həmin fərmanın icrasını təmin etmək üçün müvafiq tədbirlər görmək tapşırılıb. Aparılan tikinti işlərindən sonra Dədə Qorqud parkı 13 dekabr 2013-cü ildə açılıb. Açılışda prezident İlham Əliyev də iştirak etmişdi.
Nicat Mahmudov


