ABŞ Prezidenti Donald Trampın Çinə səfərindən sonra Vaşinqton administrasiyasının İrana qarşı yeni hərbi addımları müzakirə etdiyi bildirilir.
1xeber.media xəbər verir ki, ABŞ mediasında yayılan məlumatlara görə, Ağ Ev Yaxın Şərqdə artan gərginlik və Hörmüz boğazı ətrafında yaranan vəziyyətlə bağlı yeni təhlükəsizlik variantlarını nəzərdən keçirir.
İddialara əsasən, masadakı əsas variantlardan biri “Azadlıq Layihəsi” adlı hərbi planın yenidən gündəmə gətirilməsidir. Planın əsas məqsədinin Hörmüz boğazında gəmi keçidlərinin təhlükəsizliyini təmin etmək və beynəlxalq dəniz ticarətini qorumaq olduğu bildirilir.
Məlumata görə, bu çərçivədə ABŞ Hərbi Dəniz Qüvvələrinin bölgədə daha aktiv fəaliyyət göstərməsi nəzərdə tutulur.
Digər variant kimi isə İranın strateji infrastruktur obyektlərinə qarşı məhdud və ya genişmiqyaslı hava əməliyyatlarının müzakirə edildiyi iddia olunur.
ABŞ rəsmilərinə istinadən yayılan xəbərlərdə Vaşinqtonun xüsusilə İranın bölgədəki hərbi fəaliyyəti və dəniz nəqliyyatına təsir imkanlarından narahat olduğu qeyd edilir.