“Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nda dəyişiklik edilib.
1xeber.media xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, namizəd tərəfindən bilərəkdən və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlərin və ya məlumatların təqdim edilməsi müəyyən edildikdə, namizədin test imtahanında əldə etdiyi nəticələr etibarsız hesab ediləcək.
Mərkəz tərəfindən sertifikatın ləğv olunması barədə müvafiq qərar qəbul edilir və 3 (üç) iş günü ərzində nəticələrinin etibarsız hesab edilməsinin səbəbləri izah olunan məlumat namizədə elektron qaydada təqdim olunacaq.
Bu qərardan inzibati qaydada və məhkəməyə şikayət verilə biləcək.