Çin və Azərbaycan səmimi, mehriban, dost və qarşılıqlı fayda əldə etməyə çalışan bərabərhüquqlu, etibarlı tərəfdaşlardır.
1992-ci ilin aprelində diplomatik münasibətlərin qurulduğu andan indiyədək ikitərəfli əlaqələr sağlam və sabit şəkildə inkişaf edir, səmərəli əməkdaşlıqla səciyyələnir və strateji məzmun daşıyır.
1xeber.media xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao Azərbaycan ilə Çin arasında 2024-cü ildə əməkdaşlığın yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
“Xüsusilə qeyd etmək lazımdır ki, bu il iyulun 3-də Sədr Si Cinpin və Prezident İlham Əliyev Astanada Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində görüşüb və ikitərəfli münasibətlərin səviyyəsinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldildiyini birgə bəyan ediblər. Bu, ikitərəfli münasibətlərin keyfiyyətcə yaxşılaşmasına töhfə verdi və iki ölkə arasında uzun illər ənənəvi dostluğun yeni səhifəsini açdı. Prezidentlərin rəhbərliyi ilə bu il Çin və Azərbaycan arasında münasibətlər həqiqətən də məhsuldar olub.
Yüksəksəviyyəli səfərlərə gəldikdə, onların intensivliyi tarixi səviyyəyə çatıb. Nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin sayı iki dəfə artıb. Bu il Prezident İlham Əliyev Çin nümayəndə heyətləri ilə dörd dəfə görüşüb. Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun Daimi Komitəsinin üzvü, Çin Xalq Respublikası Dövlət Şurasının Baş nazirinin müavini Din Süesyan, Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsi sədrinin müavini Şen Yueyue kimi rəhbərlərin Azərbaycana səfərləri uğurlu olub. Prezident İlham Əliyev, Azərbaycan hökumətinin və parlamentinin rəhbərləri ilə ikitərəfli münasibətlərin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, bu da müxtəlif sahələrdə iki ölkə arasında əməkdaşlığa yeni təkan verib.