Вернуться назад Распечатать

İlham Əliyev Çin Dövlət Şurasının Baş nazirinin müavinini qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də Çin Dövlət Şurasının Baş nazirinin müavini Can Quoçini qəbul edib.

1xeber.media  xəbər verir ki, qonaq, ilk növbədə, Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarını Azərbaycan Prezidentinə çatdırıb.

O qeyd edib ki, Si Cinpin Prezident İlham Əliyevi Çinin dostu kimi dəyərləndirir.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Si Cinpinə çatdırmağı xahiş edib. Prezident İlham Əliyev dedi ki, Çin Xalq Respublikasının Sədrinin onu Çinin daimi dostu adlandırmasını yüksək qiymətləndirir.

Can Quoçin BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında qlobal urbanizasiya gündəliyi ilə bağlı aktual mövzuların müzakirə edildiyini bildirib, tədbirdə iştirak etməkdən şərəf hissi duyduğunu deyib və ölkəsində bu Foruma mühüm əhəmiyyət verildiyini vurğulayıb. O, ölkəmizin belə bir mötəbər tədbirə ev sahibliyi etməsi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb. Qonaq, həmçinin Forumun açılış mərasimində Azərbaycan Prezidentinin çıxışının çox məzmunlu olduğunu deyib.

Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev Çinin bu tədbirdə yüksəksəviyyəli nümayəndə heyəti ilə təmsil olunmasını Azərbaycana hörmət və dostluq əlaməti kimi qiymətləndirib.

Azərbaycan-Çin əlaqələrində sürətli artımı məmnunluqla qeyd edən qonaq dövlət başçılarının görüşlərini xatırlayıb, münasibətlərimizin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə çatdığını deyib.

O, Çinin Tayvan regionu ilə əlaqədar Azərbaycanın qətiyyətli mövqeyinə görə təşəkkürünü bildirib. Çinin də Azərbaycanın müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü daim dəstəklədiyini vurğulayıb.

Can Quoçin qeyd edib ki, Çin Azərbaycanın xalqın maraqları əsasında seçdiyi inkişaf yolunu dəstəkləyir.

Prezident İlham Əliyev Çinə dövlət səfərini məmnunluqla xatırladı və göstərilmiş qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Dövlətimizin başçısı bu səfər zamanı imzalanmış hərtərəfli strateji tərəfdaşlıq sənədinin önəmini qeyd edib.

Prezident İlham Əliyev Azərbaycanın vaxtilə separatizmdən əziyyət çəkən ölkə kimi separatizmin bütün forma və təzahürlərini pislədiyini vurğulayıb. Dövlətimizin başçısı qeyd edib ki, ölkəmiz Çinin Tayvan regionunda keçirilmiş qanunsuz seçkiləri nəinki tanımayıb, hətta onun pislənilməsi bəyanatı ilə çıxış edən yeganə dövlətlərdən biri olub. Prezident İlham Əliyev bu xüsusda vurğuladı ki, Azərbaycan “vahid Çin” siyasətini daim dəstəkləyir.

Söhbət zamanı müxtəlif sahələri əhatə edən Azərbaycan-Çin münasibətlərinin uğurlu inkişafı vurğulanıb.

Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası arasında əlaqələr qeyd olunub, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyi vurğulanıb. Azərbaycanla Çin arasında iqtisadi-ticari əlaqələrin genişlənməsindən məmnunluq ifadə olunub, siyasi, iqtisadi, tranzit, nəqliyyat, yükdaşımaları, hərbi-texniki tərəfdaşlıq və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.