Вернуться назад Распечатать

AzMİU startapçıları komandası 493 komanda içində qalib oldu

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbə və əməkdaşlarından ibarət komanda “PASHA Holdinq”, “Bravo” və “Tenity” tərəfindən təşkil olunan “PASHA Hackathon 6.0” müsabiqəsində 1-ci yerə layiq görülüb.

1xeber.media xəbər verir ki, 15 ölkədən ümumilikdə 493 komandanın müraciət etdiyi hakatonda qazanılan bu uğur universitetimizin innovasiya və texnologiya sahəsindəki potensialını bir daha nümayiş etdirib.

Qalib komandanın tərkibində İnnovativ Biznes İnkubator şöbəsinin əməkdaşları Nuray Abdullazadə, Vüqar Qurbanlı, Davud Abdullayev, Rəqəmsal İnkişaf Mərkəzinin əməkdaşları Ayxan Kərimli və Nihad Tağıyev yer alıblar. Komanda üzvlərinin 4-ü Mexanika və informasiya texnologiyaları, 1-i isə Tikinti İqtisad fakültəsinin tələbəsidir.

Hakaton çərçivəsində iştirakçılar pərakəndə satış və supermarket ekosistemi üçün innovativ texnoloji həllər hazırlayaraq münsiflər heyəti qarşısında təqdim ediblər. Universitetimizi təmsil edən komanda yaradıcı yanaşma, innovativ biznes modeli və texnoloji həll konsepsiyası ilə fərqlənərək yarışın qalibi olub.

Qeyd edək ki, bu qalibiyyət AzMİU-da yaradılan innovativ mühitin, tələbə və əməkdaşların texnologiya, sahibkarlıq sahəsində əldə etdikləri bilik-bacarıqların uğurlu nəticəsidir.