Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqi Zalında Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin “İstiqlalın əbədi işığı” adlı konsert proqramı baş tutub.
1xeber.media xəbər verir ki, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Hüseynova Teleqraf-a açıqlamasında konsert proqramı ilə bağlı təəssüratlarını bölüşüb:
“28 May - Müstəqillik Gününə həsr olunmuş “İstiqlalın əbədi işığı” adlı konsert proqramı Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin istedadlı şagirdlərinin Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə təqdim olunur. Bu möhtəşəm konsertin ərsəyə gəlməsində əməyi olan Azərbaycan Dövlət Kamera Orkestrinə, başda əməkdar artist, dirijor Fuad İbrahimov olmaqla təşəkkürümü bildirirəm. Məhz onun yüksək peşəkarlığı və zəngin təfsir qabiliyyəti nəticəsində uşaqlarımızın təqdim etdiyi əsərlər bu gün böyük ruh yüksəkliyi ilə səslənir.
Konsert proqramında dünya klassik musiqisinin ən məşhur və əsrarəngiz nümunələrinə müraciət etmişik. Tədbirdə məktəbin müxtəlif şöbələrinin – xalq çalğı alətləri, fortepiano və orkestr alətləri şöbələrinin istedadlı şagirdləri öz bacarıqlarını nümayiş etdirirlər. Müstəqilliyimizə həsr olunmuş bu konsert onların Vətənə olan sevgisini tamaşaçılara daha parlaq şəkildə çatdırmağa yardım edir. Şagirdlər vətən sevgisini öz musiqiləri vasitəsilə ifadə edirlər”.
Qeyd edək ki, konsert proqramında Azərbaycan, rus və Avropa bəstəkarlarının əsərləri səsləndirilib.