Вернуться назад Распечатать

Ölkəmizdə qlobal şəhərsalma gündəliyi müzakirə edilir

 

Azərbaycanın xarici siyasət uğurlarını, beynəlxalq münasibətlər sistemində yeri və
rolunu təsdiqləyən mühüm amillərdən biri də ölkəmizin ev sahibliyi etdiyi tədbirlərdir. Diqqət
yetirsək görərik ki,  bu tədbirlərin hər biri  müxtəlif sahələri əhatə edir. Bu, onu göstərir ki,
Azərbaycan təkmil inkişaf modelinə sahibdir,  hər sahədə zəngin təcrübəsi vardır.
COP-dan sonra ikinci ən böyük və strateji əhəmiyyətli qlobal platforma olan Ümumdünya
Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Bakıda keçirilməsi ölkəmizin beynəlxalq
nüfuzunun daha bir göstəricisidir.
2026-cı ildə   keçirilən və  keçiriləcək  tədbirlərin xronologiyasına diqqət yetirməklə
Azərbaycanın beynəlxalq səviyyədə ideal məkan kimi qəbul edildiyini daha aydın şəkildə görə
bilərik.  Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası,
Ümumdünya Ətraf Mühit Günü, Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər
Şurasının 28-ci illik iclası, XIII Qlobal Bakı Forumu, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumu, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM /
CICA) növbəti Zirvə toplantısı,  “Formula 1”in  Azərbaycan Qran- Prisi, Cüdo üzrə dünya
çempionatı və sair. Bu sıralamanı  davam etdirə də  bilərik. O da məlumdur ki,  Prezident
İlham Əliyevin Sərəncamı  ilə 2026-cı ildə Birinci Türkoloji Qurultayın 100 illik
yubileyi ölkəmizdə geniş şəkildə qeyd olunur. Bu tədbirlərə  Azərbaycanın ev sahibliyi
ölkəmizin   qlobal dialoq, iqtisadi əməkdaşlıq, ekoloji təşəbbüslər və beynəlxalq idman
platformalarında artan rolunun təsdiqidir.
Qloballaşan dünyada şəhərsalma insan həyatının keyfiyyətini artırmaq, ətraf mühiti
qorumaq və iqtisadi inkişafı təmin etmək baxımından əsas prioritetlərdən birinə çevrilib. Mayın
17-dən 22-dək   keçirilən “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və
yaşayış məskənləri” mövzusuna həsr olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü
Sessiyası (WUF13)  182 ölkədən 45 mindən çox nümayəndəni bir araya gətirib. COP
tədbirindən sonra ikinci böyük beynəlxalq tədbir olan Ümumdünya Şəhərsalma Forumu hər bir
ölkənin iqtisadi imkanlarını, müasir çağırışları necə  cavablandırmasını özündə ehtiva edən
şəhərsalma təcrübəsini nümayiş etdirir.
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində
Prezident İlham Əliyev çıxışı zamanı söyləyib ki, bu dəfə biz (WUF13-də) rekord sayda
iştirakçıları qəbul edirik. “Bu, ikinci ən böyük beynəlxalq tədbirdir ki, COP29-dan sonra
Azərbaycanda keçirilir”, – deyə dövlətimizin başçısı bildirib.
Ölkə başçısı həmçinin bildirib ki, Bakıda keçirdiyi bu günlər ərzində bir çox
qonaqlarımız, ilk dəfə səfər edən qonaqlar ölkəmizi daha yaxşı tanıyacaqlar və Azərbaycanda
şəhərsalma sahəsində görülən işlərlə daha yaxından tanış olacaqlar. Azərbaycanın Avropa ilə
Asiya arasında yerləşdiyini vurğulayan dövlətimizin başçısı bunun bizim memarlığımızda da
öz təzahürünü tapdığını qeyd edib.
Bakının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi
Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolundan, möhkəmlənən
mövqeyindən xəbər verir.  2022-ci ildən etibarən ölkəmiz BMT-nin Məskunlaşma Proqramı ilə
birgə üç Milli Şəhərsalma Forumunu uzun illər ərzində işğal altında olmuş Ağdam, Zəngilan və
Xankəndi şəhərlərində keçirib. “Bu gün qlobal tədbiri təşkil etməklə biz bir daha şəhərsalmaya,
onun inkişafına olan böyük sadiqliyimizi nümayiş etdiririk”, – deyə dövlətimizin başçısı
vurğulayıb.
Açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev deyib ki, şəhərsalma nəinki
Bakı üçün, bir çox Azərbaycan şəhərləri üçün elə bir məsələdir ki, biz gündəlik əsaslarla onun
üzərində işləyirik. Dövlətimizin başçısı bu ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan
olunduğunu da diqqətə çatdırıb.
Sözsüz ki, Bakı Forumu bütün bu reallıqların dünyaya çatdırılmasında növbəti platforma
olacaq. Bu Forum ölkələrə ötən dövrdə əldə olunmuş təcrübələri müzakirə etmək və gələcək
üçün yeni, innovativ həllər tapmaq imkanı yaradacaq. Azərbaycan üçün  WUF13 həm
ölkəmizin qlobal şəhərsalma gündəliyindəki mövqeyini möhkəmləndirmək, həm də regionda
dayanıqlı və ağıllı şəhərsalma modellərini təşviq etmək üçün əvəzsiz platformadır.
Göründüyü kimi, Azərbaycanın hər bir sahədə qazandığı uğurlar, zəngin təcrübə ölkələrin
inkişafında lider və düşünülmüş siyasət amillərinin rolunu daim  önə çəkməyə çağırışlar edir.

Ümummilli Lider Heydər Əliyevin  bugünümüz və gələcəyimiz üçün müəyyənləşdirdiyi
inkişaf strategiyasında şəhərsalma və memarlığın inkişafı xüsusi mərhələ təşkil edir. Reallıq
budur ki, tarixən təşəkkül tapmış Azərbaycan şəhərlərinin və bütöv şəhərsalma sistemlərinin
qorunması ilə bağlı Ulu Öndərin təşəbbüsü ilə  vacib qərarlar qəbul edilmiş, tədbirlər həyata
keçirilmiş, şəhərlərdə memarlıq abidələrinin bərpası üzrə planlı iş aparılmış, memarlıq və
şəhərsalma fəaliyyətinin davamlılığını təmin edən institusional təsisatlar qurulmuşdur. Bu gün
bu ilər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanı dünyaya
innovasiyala ölkəsi kimi təqdimatını şərtləndirən  amillər hər kəsə məlumdur. Cənab İlham
Əliyev hər bir yeniliyin ölkəmizdə tətbiqini əsas hədəf kimi qarşıya qoyur. Ümumdünya
Şəhərsalma Forumunun 13-cü sessiyası bütün bu imkanları təmin edəcək. Tarixi Zəfəri ilə
dünyaya səs salan Azərbaycanın  hər ay, hər gün bu və ya digər sahələr üzrə beynəlxalq
tədbirlərə ev sahibliyi  böyük qürur hissi yaradır.  Tariximizin Zəfər Günündən başlanan dövrü 
yeni reallıqların fonunda Azərbaycanın artan nüfuzunun, söz sahibliyinin təqdimatıdır.
Əlioğlan Əşrəfli,
Sabirabad rayonu Həşimxanlı kənd tam orta məktəbinin direktoru