Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Bakıda keçirilməsi
Azərbaycanın artan beynəlxalq nüfuzunun, müasir inkişaf strategiyasının və şəhərsalma sahəsində
qazandığı uğurların mühüm göstəricisidir.
WUF13-ə beynəlxalq ictimaiyyətin maraq son dərəcə böyükdür və bunu qeydiyyatdan keçmiş
iştirakçıların sayının rekord həddə olması sübut edir. Möhtərəm Prezident İlham Əliyev WUF13-ün
rəsmi açılış mərasimində çıxışında da bu məsələyə xüsusi toxunaraq qeyd etdi ki, artıq 182 ölkədən 45
mindən çox iştirakçı forumda qeydiyyatdan keçib. Bu statistika təkcə forumun beynəlxalq miqyasını
deyil, eyni zamanda Azərbaycanın qlobal platforma kimi artan nüfuzunu və beynəlxalq ictimaiyyətin
ölkəmizə olan yüksək etimadını nümayiş etdirir. Bu qədər geniş coğrafiyanı əhatə edən iştirakçı tərkibi
Bakının artıq dünyanın mühüm siyasi, iqtisadi və humanitar dialoq mərkəzlərindən birinə çevrildiyini bir
daha təsdiqləyir.
WUF13 təxminən il yarım əvvəl Bakının ev sahibliyi etdiyi COP29-dan sonra Azərbaycanda
keçirilən növbəti ən mühüm qlobal platformadır. Bu fakt bir daha göstərir ki, Azərbaycan artıq
beynəlxalq diplomatiya, qlobal inkişaf gündəliyi və strateji müzakirələrin aparıldığı etibarlı məkan kimi
dünyanın diqqət mərkəzindədir. Əgər COP29 daha çox iqlim dəyişiklikləri, yaşıl enerji və ekoloji
təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından əhəmiyyət daşıyırdısa, Ümumdünya Şəhərsalma
Forumunun 13-cü Sessiyası urbanizasiya, dayanıqlı şəhər inkişafı, postmünaqişə bərpası və müasir
şəhərsalma modellərinin gələcəyinə dair qlobal baxışların formalaşdırıldığı mühüm beynəlxalq
platforma kimi xüsusi önəm kəsb edir. Dövlətimizin başçısı tədbirin açılış mərasimindəki çıxışında onu
da vurğuladı ki, Azərbaycanı ilk dəfə ziyarət edən qonaqlar Azərbaycanı daha yaxından tanımaq və
ölkədə şəhərsalma sahəsində görülən işləri öz gözləri ilə görmək imkanı əldə edəcəklər. Bu baxımdan
da WUF13 yalnız beynəlxalq müzakirə platforması deyil, həm də Azərbaycanın uğurlarının dünyaya
təqdim olunduğu mühüm qlobal tribuna rolunu oynayır.
Prezident İlham Əliyev tədbirin açılış mərasimindəki işğaldan azad edilmiş ərazilərdə aparılan
geniş miqyaslı bərpa-quruculuq işlərinə, orada insanların məşğulluğu məsələsinə xüsusi toxunub.
Möhtərəm Prezident bildirdi ki, bu gün artıq 85 mindən çox azərbaycanlı işğaldan azad olunmuş
ərazilərdə yaşayır. Bu, illərlə həsrətində olduqları yurda qovuşan insanların taleyi, dövlətin öz
vətəndaşına verdiyi sözə sədaqəti və Böyük Qayıdış proqramının real nəticəsidir. Ermənistan
tərəfindən otuz ilə yaxın müddətdə viran qoyulmuş, yerlə-yeksan edilmiş, tarixi və dini abidələri
vandalizmə məruz qalmış torpaqlarımızda bu gün həyat yenidən doğulur. Azərbaycan dövləti işğaldan
azad edilmiş ərazilərdə yalnız dağıdılmış infrastrukturu bərpa etmir, eyni zamanda tamamilə yeni
inkişaf və yaşayış modeli formalaşdırır. Müasir şəhərsalma prinsipləri, “ağıllı şəhər” və “ağıllı kənd”
konsepsiyaları, yaşıl enerji infrastrukturu, rəqəmsal idarəetmə sistemi və sosial rifah layihələri bu
bölgələri gələcəyin ən modern yaşayış məkanlarından birinə çevirməkdədir. İnsanların məşğulluğunun
təmin olunması da hökumətin qarşısında duran əsas vəzifələrdəndir. Çünki dayanıqlı qayıdış yalnız
yaşayış evlərinin tikilməsi ilə məhdudlaşmır. İnsanlar öz doğma yurdlarında işləməli, istehsal yaratmalı,
iqtisadi və sosial həyata tam şəkildə inteqrasiya olunmalıdırlar. Bu məqsədlə yaradılan sənaye
zonaları, aqrar parklar, logistika mərkəzləri və yeni iqtisadi layihələr Qarabağ və Şərqi Zəngəzurun
yaxın illərdə regionun mühüm iqtisadi məkanlarından birinə çevriləcəyini göstərir.
Prezident İlham Əliyevin WUF13 açılış mərasimindəki çıxışında xüsusi diqqət çəkən mühüm
məqamlardan biri də mina təhlükəsi ilə bağlı idi: “Dövlətimizin başçısı vurğuladı ki, mənzillər, fərdi
evlər, məktəblər və xəstəxanalar tikməzdən əvvəl, əlbəttə, ilk növbədə ərazilərin minalardan
təmizlənməsi həyata keçirilməlidir.
Təəssüf ki, Ermənistan tərəfindən basdırılmış minalar bu gün də can almaqda davam edir.
Minalar insanların həyatı üçün ciddi təhlükə olaraq qalır, və postmünaqişə dövrünün ən ağır humanitar
problemlərindən biridir. Buna baxmayaraq, Azərbaycan dövləti böyük siyasi iradə və yüksək
təşkilatlanma ilə həm minatəmizləmə prosesini, həm də genişmiqyaslı quruculuq işlərini eyni vaxtda
uğurla davam etdirir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq prosesi sadəcə
şəhərlərin yenidən tikilməsi deyil, tarixi ədalətin bərpası, milli ləyaqətin təntənəsi, dövlətin və insanların
öz torpağına sahib çıxmasının parlaq nümunəsidir. Prezident İlham Əliyevin WUF13-də səsləndirdiyi
bu mesajlar bir daha nümayiş etdirdi ki, Azərbaycan dağıntılar üzərində nifrət deyil, inkişaf qurur,
viranə qalmış torpaqlarda intiqam deyil, həyat yaradır. Məhz buna görə də bu gün Qarabağ və Şərqi
Zəngəzur yalnız Azərbaycanın deyil, bütün regionun gələcək inkişaf, sülh və dirçəliş simvoluna
çevrilməkdədir”.
Gülnar Hüseynova,
Sabirabad rayonu Qaratəpə kənd tam orta məktəbinin direktoru