Sizlərə qeyri-adi bir xəritə olan “Hereford Mappa Mundi”ni təqdim edirəm. Uzunluğu 1,59 metr, eni isə 1,34 metr olan bu xəritə dövrümüzə qədər gəlib çıxan ən böyük orta əsr dünya xəritəsidir. Təxminən 1300-cü ildə yaradılan bu xəritə o dövrdə Avropadakı xristianların tarixi, coğrafi və ictimai anlayışını əks etdirir. Xəritə hazırda İngiltərədəki Hereford Katedralında sərgilənir.
1xeber.media xəbər verir ki, Hereford Mappa Mundinin müəllifi Riçard de Haldingem adlı bir ruhanidir və onun adı xəritənin aşağı sol küncündə həkk olunub. Riçard 13-cü əsrin sonu, 14-cü əsrin əvvəllərində İngiltərədə yaşayıb.
Xəritənin tam görünüşü
Bu xəritədə tarixən Azərbaycan coğrafiyasında yerləşən Qafqaz Albaniyası və Atropatenaya istinadlar da var.
Albaniya xəritədə Qafqaz dağlarının şərqində və Xəzər dənizinin qərbində yerləşən və hazırda Azərbaycanın şimal-şərq hissəsini əhatə edən bir bölgə kimi təsvir edilmişdir. Xəritədə aşağıdakı qeydlər var: "Xəzər körfəzinin o tayındakı Albaniya xalqı... Burada ağ saçlı doğulmuş, gözləri gündüzdən gecə daha yaxşı görən insanlar yaşayır. Burada öküzləri və şirləri parçalaya bilən nəhəng və vəhşi itlər də yetişdirilir. Dağlarda qızıl yataqlarını və qiymətli daşları insanlardan qoruyan nəhəng Qrifonlar yaşayır”.
Albaniya yazısına yaxın, Qafqaz dağlarının şimal ətəklərində xəritədə qədim döyüşçü qadınların - amazonların mövcudluğu qeyd olunur.
Atropatena xəritədə Cənubi Azərbaycanın tarixi adı kimi təsvir edilmişdir. Orta əsr mənbələri onu "Atropatena" və ya "Midiya Atropatenası" kimi qeyd edirlər. Xəritədə bu təsvirlər var:
"Egeusun oğlu Medosun adını daşıyan Midiya bölgəsi. Bu diyarın xalqı yüksək bacarıqlı oxatanlar, at üstündə gedərkən geriyə ox ata bilən cəsur süvarilərdir. Torpaq münbit və dağlıqdır”.
Atla çaparkən qəfil dönüb düşmənə dəqiq ox atmaq bacarığı, türk süvari taktikası avropalıları heyrətləndirir.
Xəritədə həm Qafqaz dağlarının şimalında, həm də Xəzər dənizinin şərq sahillərində yerləşən "skiflər" adı böyük hərflərlə gözə çarpan şəkildə göstərilir. Bu, Qafqazdan Altay bölgəsinə qədər uzanan bütün köçəri və döyüşkən xalqların "skif tayfaları" olmasını təsdiq edir.
Xəritədə İlxanilər, Səlcuqlular və ya Qafqazın dominant türk tayfaları əvəzinə, qədim regional etnik adlar - albanlar, midiyalılar, hirkanlar və skiflər qorunub saxlanılır.
Avropalılar üçün bu qədim adlar həm də o ərazidə yaşayan bütöv bir etnik coğrafiyanın ümumiləşdirilmiş adı idi.