Вернуться назад Распечатать

Uşağı hazırlığa gedən valideynlərə PİS XƏBƏR: Yeni şərt nələri DƏYİŞƏCƏK?

Azərbaycanda özəl repetitorluq fəaliyyətinin lisenziyalaşdırılması və bu sahənin qanunvericilik çərçivəsinə salınması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. İlk baxışdan kölgə iqtisadiyyatının qarşısını almaq və keyfiyyətə nəzarət etmək məqsədi daşıyan bu ideya cəmiyyətdə birmənalı qarşılanmır.

1xeber.media xəbər verir ki, məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli mövcud vəziyyəti təhlil edərək, bu yanaşmanın indiki mərhələdə ciddi çətinliklər yaradacağını və gözlənilən effekti verməyəcəyini bildirib.

“Repetitorluq lüks deyil, məcburi ehtiyacdır"

Ekspert qeyd edib ki, Azərbaycanda repetitorluq institutu süni şəkildə yaranmayıb:

“Bu sahə təhsil sistemindəki mövcud boşluqların, məktəb proqramları ilə Dövlət İmtahan Mərkəzinin (DİM) tələbləri arasındakı bəzi uyğunsuzluqların yaratdığı təbii bir tələbatdır. Repetitorluq bu gün valideynlər üçün bir lüks deyil, övladlarının gələcəyini təmin etmək üçün məcburi bir ehtiyacdır”.

Əmrah Həsənlinin sözlərinə görə, belə bir vəziyyətdə sahəni inzibati yollarla, lisenziyalarla sıxışdırmaq yanlış seçimdir.

“Qiymətlər kəskin artacaq, yük valideynlərin çiyninə düşəcək”

Lisenziya tətbiqinin yaradacağı fəsadlara toxunan TİHA sədri vurğulayıb ki, bu addım istər-isteməz əlavə bürokratik maneələr və rüsumlar deməkdir:

 “Hər bir repetitor lisenziya və vergi ilə bağlı yaranan əlavə xərcləri mütləq şəkildə öz xidmət haqqına əlavə edəcək. Nəticədə qiymətlər kəskin şəkildə yüksələcək.

Övladını çətinliklə hazırlığa qoyan orta təbəqəli ailələr, xüsusilə regionlarda yaşayan valideynlər üçün bu xidmət daha da əlçatmaz olacaq. Bu isə təhsildə imkan bərabərliyini daha da pozacaq. Lisenziya tətbiq etmək problemi kökündən həll etmir, sadəcə onun formasını dəyişir və bütün maddi yükü valideynlərin çiyninə qoyur”.

“Evində 3-5 şagird hazırlayan müəllimə necə nəzarət etmək olar?"

Mexanizmin icrasının praktik olaraq qeyri-mümkün olduğunu deyən ekspert, bu qərarın prosesi daha da gizli fəaliyyətə sövq edəcəyini bildirib:

“Evində fərdi şəkildə 3-5 şagird hazırlayan müəllimə necə nəzarət etmək olar? Bu addım sadəcə olaraq prosesin daha da gizli formaya keçməsinə səbəb olacaq. Biz nəticə ilə deyil, səbəblə mübarizə aparmalıyıq”.

Alternativ çıxış yolu nədir? – Ekspertin təklifləri

Əmrah Həsənli dövlətin bu sahədə nizam-intizam yaratmaq və prosesi leqallaşdırmaq istəyi üçün daha effektiv alətlər təklif edib:

“Qadağanedici və ağır lisenziya mexanizmləri əvəzinə, stimullaşdırıcı vasitələrdən istifadə edilməlidir.

Hazırda repetitorların bir hissəsi aylıq simvolik məbləğdə dövlətə vergi ödəyir. Bu mexanizmi daha da genişləndirmək və sadələşdirmək olar ki, müəllimlər gizlənməkdən qorxmasınlar.

Ən əsas həll yolu məktəblərimizdə təhsilin keyfiyyətini qaldırmaqdır. İmtahan və tədris sistemi elə qurulmalıdır ki, şagird əlavə köməyə ehtiyac duymadan, sinifdə aldığı təhsillə universitetə qəbul ola bilsin. Məktəb güclü olarsa, repetitorluq öz-özünə sıradan çıxacaq və minimuma enəcək”,-deyə ekspert qeyd edib.