108 illik tarixi vərəqlənən Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını müstəqil
Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev belə dəyərləndirmişdir: “Cəmi 23 ay
fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil
dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından
mühüm əhəmiyyət kəsb etdi.” Bu qiymətləndirmənin davamı olaraq dövlət başçısı İlham
Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını xalqın milli oyanışının məntiqi yekunu kimi
səciyyələndirir.
Azərbaycan xalqı daim yenilməzliyi, məğrurluğu və tarixinə sahib çıxması ilə dünyanın
diqqətində olub. Müstəqillik tariximizin ayrı-ayrı mərhələlərinin öyrənilməsi, düzgün dəyərləndirilməsi
Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin qarşıya
qoyduqları mühüm vəzifə olub. Dahi şəxsiyyət bildirirdi ki, bu gün 10, 20 yaşı olan gəncin keçmiş
dövr haqqında məlumatı yoxdur, Azərbaycanın müstəqillik yolunun ağır dövrlərdən keçməsindən
xəbərsizdir. Hər bir nəslin öz keçmişi haqqında aydın təsəvvürə malik olması vacib amillərdəndir.
Dahi şəxsiyyət hər zaman gənclərə tariximizi öyrənməyə çağırışlar edirdi. Bildirirdi ki, gələcəyimiz
indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır. Məhz bu çağırışların davamı olaraq Prezident
İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi
böyük rəğbətlə qarşılandı. Keçilən yolun təhlili qarşıdakı dövrün prioritetlərinin müəyyənləşdirilməsində
əsasdır. Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, daim ilkləri ilə tarixə düşən Azərbaycan xalqı
müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmağın yolunu göstərdi, onlar üçün nümunə oldu.
Qadınlara seçib-seçilmək hüququ verməklə, bütün dünya demokratiyasına böyük töhfə vermiş oldu.
Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş,
dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq
münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində
mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli
müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında,
habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır.
Azərbaycan vətəndaşlığı institutunun təsis edilməsi, milli ordunun yaradılması kimi faktlar
dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynayıb. Mövcudluğunun ilk günlərindən xalq
hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə
vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Dövlət
bayrağı, Azərbaycan vətəndaşlığı təsis olunmuşdur. Milli ordu qurulmuş və Qafqaz İslam Ordusu ilə
birlikdə Bakı işğalçılardan azad edilmişdir. Qısa müddət ərzində olduqca mütərəqqi sayılan
müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul olunmuşdur.
1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında”
Konstitusiya Aktı qəbul olundu. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə
istinad olunmuş və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit
edilmişdir. Müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin,
məsuliyyətli bir işdir. Bu günümüzü müstəqilliyimizin bərpasının ilk illəri ilə müqayisə etdikdə bunu
daha aydın şəkildə görürük. Azərbaycan xalqı müstəqilliyin sevincini yalnız 1993-cü ildə Ulu Öndər
Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yaşamağa başladı. Ümummilli Lider Azərbaycan
dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar
etdi. Dahi şəxsiyyət Heydər Əliyev dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu. Bu gün Azərbaycan
dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə məhz 1993-2003-cü illərdə Ümummilli Liderin yaratdığı
möhkəm təməl üzərində ən yüksək zirvələri fəth edir. Cənab İlham Əliyevin “Bu gün müstəqillik bizim
üçün ən böyük sərvətdir, ən böyük nemətdir, ən böyük xoşbəxtlikdir. Biz bundan sonra da müstəqillik
və qələbələr yolu ilə gedəcəyik” fikri keçilən yolun və qarşıdakı dövrün perspektivlərinin aydın
mənzərəsini yaradır.
Hüseyn Ağayev,
Sabirabad Dövlət Sosial İqtisad Kollecinin tələbəsi