Mayın 22-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov növbəti səyyar görüş-qəbulunu Ləj inzibati ərazi dairəsinin sakinləri ilə keçirib.
1xeber.media xəbər verir ki, səyyar qəbulda şəhər İcra hakimiyyəti başçısı aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının, yerli idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər.
Görüş öncəsi icra başçısı Ləj kənd tam orta məktəbinin həyətində olan Milli Qəhrəman Əsgər Əliyevin və Birinci Qarabağ müharibəsi şəhidi Natiq Aslanovun abidəsi önünə gül dəstələri qoyub.
Taleh Qaraşov bildirib ki, son dövrlərdə ölkəmizdə sosial-iqtisadi vəziyyət günü-gündən sürətlə inkişaf edir, dayanıqlı iqtisadi inkişafın təmin olunması yönündə müxtəlif addımlar atılır, insanların rifah halının yaxşılaşdırılması üçün çoxsaylı sosial yönümlü layihələr həyata keçirilir və bütün bunlar cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın məqsəqyönlü siyasətinin real məntiqi nəticəsidir.
İcra başçısı ötən görüş-qəbulda qaldırılan məsələlərin icra vəziyyəti barədə yerli sakinləri məlumatlandırıb. Daha sonra Taleh Qaraşov Ləj sakinləri tərəfindən qaldırılan müraciətləri səbr və diqqətlə dinləyib, yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin qanunvericiliyin tələblərinə uyğun ən qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlarını verib. Qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Yerli icra hakimiyyətinin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara yönləndirilmək üçün qeydiyyata alınıb.
Ləj kəndinin sakinləri fikir və istəklərini maneəsiz, könüllü şəkildə rayon rəhbərliyinə çatdırıblar. Yerli insanlar məmur-vətəndaş münasibətlərindəki birbaşa dialoq mühitinin günü-gündən inkişaf etdiyini, ölkəmizdə sosial inkişaf istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu bildiriblər və buna görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.




