Kreml rəhbəri Vladimir Putin elə bir vəziyyətdədir ki, Ukraynaya qarşı müharibə təkcə Rusiya iqtisadiyyatını deyil, həm də özünün siyasi imicinə zərbə vurmağa başlayır.
1xeber.media xəbər verir ki, bunu britaniyalı tarixçi Robert Servis "Teleqraf" nəşri üçün yazdığı məqaləsində qeyd edib.
O bildirib ki, Rusiya siyasi mədəniyyəti ənənəvi olaraq hakimiyyətin legitimliyini hərbi qələbələrlə əlaqələndirir.
Müəllif məqalədə 1905-ci ildə Yaponiya ilə müharibədə Rusiya imperiyasının məğlubiyyətindən tutmuş, Birinci Dünya Müharibəsinin uğursuzluqlarından sonra çar II Nikolayın taxtdan əl çəkməsinə qədər tarixi nümunələr gətirir.
Onun fikrincə, Kremlin əvvəlki hərbi kampaniyaları Putin üçün nisbətən asan olub:
"2014-cü ildə Krımın ilhaqı faktiki olaraq müqavimətsiz baş verib və Suriyadakı əməliyyatlar əsasən hava hücumları ilə məhdudlaşıb. Ancaq Ukraynaya qarşı tammiqyaslı müharibə tamamilə fərqli oldu.
Repressiv aparata və media üzərində nəzarətə baxmayaraq, Putinin imici getdikcə zəifləyir, rejimin özünün sabitliyini təhdid edir. Hətta Kremlin şərtləri ilə müharibəyə potensial son qoyulması belə artıq Rusiyaya əvvəlki geosiyasi təsirini bərpa etməyə imkan verməyəcək".
Servis qeyd edib ki, Rusiya elitasının açıq şəkildə Putinə qarşı çıxmağa hazır olmasına dair əlamətləri hələ də yoxdur, lakin Rusiyada siyasi vəziyyət 1917-ci ildə Romanovlar sülaləsinin süqutu zamanı olduğu kimi gözlənilmədən dəyişə bilər.