1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş vermiş,
Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti
qurulmuşdur. Cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət
quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqın qəlbində
azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı
zəmin hazırlamışdır. Azərbaycanın müstəqillik tarixi məhz 1918-ci ildən başlanır. Azərbaycan
Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində
çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil
edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət
dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi
bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi
hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu,
maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Dünya birliyi tərəfindən tanınmış
Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması
1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın
siyasi xəritəsindən silinməsinin qarşısını aldı.
Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu
məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi
müstəqillik ideyası unudulmadı. 1991-ci ildə müstəqilliyini yenidən bərpa edən Azərbaycan ilk
illərdə ölkəyə rəhbərlik edən ünsürlərin idarəçilik qabiliyyətinin yoxluğu, siyasi savadsızlığı, öz
şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları ucbatından müstəqilliyini itirmək
təhlükəsi ilə üz-üzə qalsa da, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə
hakimiyyətə qayıdışından sonra uğurlu daxili və xarici siyasətin nəticəsində özünün qədim
dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi
olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. “Bizim əsas dəyərimiz, ən böyük
nemətimiz müstəqilliyimizdir” söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, biz müstəqil ölkə
kimi yaşayırıq. Müstəqilliyimizin də banisi Ulu Öndər Heydər Əliyevdir. Məhz onun
hakimiyyətə gəlməsindən sonra Azərbaycan, sözün əsl mənasında, müstəqillik yoluna qədəm
qoydu. 1993-cü ilə qədər bizim müstəqilliyimiz şərti və yarımçıq xarakter daşıyırdı. Xarici
ölkələr, onların Azərbaycandakı nümayəndələri burada hakimiyyətə göstərişlər, təlimatlar
verirdi. Əlbəttə ki, bu, tariximizin bəlkə də ən biabırçı səhifələrindən biridir. O ağır vəziyyətdə
məhz Ümummilli Lider Heydər Əliyevin cəsarəti, müdrikliyi, xalqın ona olan sevgisi, rəğbəti
Azərbaycanı bu müstəqillik yoluna çıxarıb. Biz də bu müstəqil yol ilə gedirik və gedəcəyik.
Azərbaycanın bu gün hər sahədə qazandığı uğurlar, əldə etdiyi təcrübə göz önündədir.
Azərbaycan sabitləşdirici amildir. Ölkəmizin iştirakı olmadan bölgədə heç bir layihə icra edilə
bilməz. Azərbaycanın yerləşdiyi coğrafi məkan, iştirakçısı və təşəbbüsçüsü olduğu layihələr
dövlətlər, xalqlar arasında körpü rolunu oynayır. Azərbaycanın uğurlarının zirvəsində dayanan
tarixi Zəfərimiz müstəqillik tariximizdə keçilən yolun aydın mənzərəsini yaradır. Azərbaycan
xalqı bu Qələbəsi ilə bir daha yenilməzliyini, məğrurluğunu, ən əsası tarixinə, torpaqlarına
sahib çıxmasını dünyaya nümayiş etdirdi. Əbəs yerə deyilmir ki, tarixinə sahib çıxan xalq
məğlubedilməzdir.
Musa Hüseynov,
Sabirabad RİH başçısının Güdəcühür kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi