"Leyla xanım Masallı səfərindən çox razı qaldı. Qədim sənət sahələrinin yaşadılması sahəsində görülən işlərlə tanış oldu və müsbət qiymətləndirdi".
Bu sözləri Masallı rayon icra başçısı Araz Əhmədov Sitat.info-ya açıqlamasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Masallı səfəri ilə bağlı danışarkən deyib.
O bildirib ki, son illər Masallının qədim ənənələrinin yaşadılması istiqamətində ciddi iş aparılır: "Xüsusən də misgərçilik, dulusçuluq, həsirçilik kimi qədim sənət sahələrinin dirçəldilməsi, bu sənətin gənclərə öyrədilməsi , onların əl işlərinin təqdimatı ilə bağlı çalışırıq. Leyla xanım Masallıda həsir toxuma sexində oldu, binamızdan da çox xoşu gəldi.
Burada işçilər təkcə ənənəni yaşatmırlar, həm də müxtəlif məhsulları satıb gəlir əldə edirlər. Həsir papaq, çantalar, bəzək əşyaları, ev aksesuaları düzəldirlər. Leyla xanım gənc xanımların əl işlərinin bir hissəsinin Heydər Əliyev Fondu tərəfindən alınacağını bildirdi. Bu diqqət onları daha da ruhlandıracaq. Biz həmçinin bu əl işlərinin internet mağazalarda, məsələn "Amazon"da satışı ilə bağlı iş aparırıq. Həm də bu sexin həyətində kiçik köşklər yaradacağıq ki, rayona gələn turistlər də alıb aparsınlar".