Prezident İlham Əliyev may ayının 25-də keçirilən kənd təsərrüfatı məsələlərinə həsr
olunmuş müşavirədəki çıxışında Azərbaycanın artıq dünyada orta güc kimi tanındığını bildirib
və əlavə edib ki, bu məqam bir çox ölkələrin şirkətlərinin müxtəlif sahələrdə respublikamızla
əməkdaşlığına stimul yaradır: “Biz, əlbəttə ki, bütün şirkətlərə, o cümlədən xarici investorlara
qanun çərçivəsində lazımi şərait yaradırıq. Ancaq, eyni zamanda, biz xarici şirkətləri bizə
lazım olan sahələrə cəlb etməliyik. Ona görə burada səsləndirəcəyim rəqəmlər həm yerli, həm
xarici investorlara bir mesajdır”.
Prezident İlham Əliyevin müşavirədə üzərində dayandığı məqamlar Azərbaycanın
beynəlxalq işgüzar mühitə həm də orta güc ampluasındakı mesajıdır. Məlum olduğu kimi,
siyasi və beynəlxalq münasibətlərdə “orta güc” supergüc və ya böyük dövlət olmayan, amma
beynəlxalq siyasətə müəyyən təsir göstərə bilən ölkələr üçün işlədilən anlayışdır. Belə
dövlətlər, bir qayda olaraq, regional və ya qlobal məsələlərdə aktiv diplomatik rol oynayır,
iqtisadi və ya hərbi baxımdan sabit sayılır, həmçinin beynəlxalq təşkilatlarda fəal vasitəçilik
gerçəkləşdirir, əksər hallarda sülhpərvər mövqe tuturlar. Onu da bildirək ki, orta güc statusuna
malik ölkələrin göstərdikləri təsir aktiv diplomatiyaya və konkret əməkdaşlıq konturlarına
söykənir. Bu isə həmin ölkələrə regional liderlik statusu qazandırır.
Bəli, sadaladığımız parametrlər Azərbaycanın orta güc anlayışına uyğunluğunu
göstərir. Ölkəmizi bu mənada ön plana çıxaran başlıca amil isə nüfuzdur. O nüfuz ki,
Prezident İlham Əliyev şəxsiyyətindəki erudik təfəkkürdən, iti zəkadan, dərin intellektdən,
hadisə və proseslərə məxsusi yanaşma tərzindən qaynaqlanır. Bu gün tam əminliklə deyə
bilərik ki, Azərbaycanın orta güc olaraq regional lider statusu məhz dövlətimizin başçısının
xarakterindəki prinsipiallığın və qətiyyətin, dönməz iradənin nəticəsidir.
Müstəqillik illərində başlıca fəaliyyəti dövlət quruculuğu, enerji siyasəti, regional
təhlükəsizlik və diplomatik aktivlik üzərində qurulmuş Azərbaycanda 1990-cı illərin
əvvəllərində siyasi və iqtisadi böhran yaşanmasına baxmayaraq, daxili sabitliyin və dövlət
institutlarının möhkəmləndirilməsinə başlanıldı. Ulu öndər Heydər Əliyevin böyük siyasi
səriştəsinin nəticəsi kimi meydana çıxan bu proses güclü mərkəzi idarəetmə və təhlükəsizlik
siyasətinə əsaslandı ki, bu, gələcək üçün etibarlı baza idi. Yəni, faktiki olaraq, Ulu öndər məhz
həmin bazanı formalaşdırdı.
Neft və qaz ehtiyatları Azərbaycanın beynəlxalq əhəmiyyətini artırsa da, bu
ehtiyatlardan səmərəli istifadə, eləcə də onların beynəlxalq bazarlara çıxarılması amili
müstəsna əhəmiyyət daşıyırdı. Nəzərə alaq ki, sərvət heç də bütün xalqlara xoşbəxtlik
gətirmir. Əksinə, təbii sərvətlərin bəzən xalqlar və dövlətlər üçün əsl bəlaya çevrildiyini
görürük. Məsələyə mövcud prizmadan yanaşsaq, deyə bilərik ki, Azərbaycan dövlətinin orta
güc statusuna yiyələnməsindəki başlıca cəhət onun həm də risklərin qarşısını alınmasındakı
və idarə olunmasındakı bacarığı və məharətidir.
Mahiyyət etibarilə, Bakı–Tbilisi–Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi, bütövlükdə,
hazırda Avropanın enerji təhlükəsizliyindəki aparıcı rol ölkəmizin iqtisadi və siyasi çəkisini
yüksəltdi. Ən başlıcası isə bu çəkini şərtləndirən məqamların sayı artmaqdadır. Nəzərə alaq
ki, hazırda Azərbaycan yalnız enerji ixracatçısı deyil, həm də regional strateji tərəfdaş kimi
tanınır ki, mövcud amil də orta güc anlayışı baxımından önə çəkilə bilər.
Əvvəldə vurğuladığımız kimi, orta güc ampluasında həm də sülhpərvərlik missiyası var.
Bunun üçün isə balanslaşdırılmış xarici siyasət mütləqdir. Yəni balanslaşdırılmış siyasət o
qədər ciddi səmimiyyət motivlərinə əsaslanmalıdır ki, o dərəcədə ölçülü-biçili olmalıdır ki, heç
bir məqam şübhə doğurmasın. Bu baxımdan ölkəmiz dünya üçün, sözün əsl mənasında,
nümunədir. Baxın, günümüzün Azərbaycanı balans siyasətini müxtəlif güc mərkəzləri
arasında, özü də çox uğurlu çəkildə aparır. Belə bir siyasətdə dəyişilməz kazus isə milli maraq
və mənafelərə əsaslanmaqdır. Bu əsaslanma dəqiq olmalı və son dərəcə müfəssəl izahını
tapmalıdır və tapır da. Əks halda, obrazlı desək, ətraf qurdluqdan düşənləri yeməyə hazır
olanlarla doludur.
Azərbaycanın orta güc statusunun möhkəmlənməsi özünü daha çox İkinci Qarabağ
müharibəsindən sonra göstərdi. O müharibədə ki, ölkəmiz təkcə Ermənistana və dünya
erməniliyinə deyil, onların bütün havadarlarına qarşı mübarizə apardı. Nəinki mübarizə
apardı, eyni zamanda, zəfər qazandı. Zəfər isə tamamilə yeni reallıq formalaşdırdı. Elə bir
reallıq ki, bu gün artıq regional düzən kimi oturuşmaqdadır. Tam əminliklə deyə bilərik ki, İkinci
Qarabağ müharibəsindəki qələbəmiz Azərbaycanı Orta Dəhliz, Şərq-Qərb nəqliyyat
marşrutları, Xəzər regionu tranzit layihələri üzrə regional bağlantı mərkəzi mövqeyini
gücləndirdi.
Orta güc ampluasına “yumşaq güc” alətlərindən səmərəli istifadə məharəti də xasdır.
Bu gün Azərbaycan dünyanın ən nüfuzlu beynəlxalq tədbirlərinə ev sahibliyini gerçəkləşdirir,
Vətənimiz çoxsaylı forumların və enerji sammitlərinin düzənləndiyi məkandır, bu baxımdan
bənzərsiz və təkrarsız nümunədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu məkanın
gələcəkdə daha böyük uğurlara imza atacağı, orta güc olaraq özünü daha fərqli mövqelərdə
göstərəcəyi isə şübhəsizdir. Həm də ona görə şübhəsizdir ki, Azərbaycanın keçdiyi yol
gələcək üçün etibarlı bazadır. Müstəqil dövlətçilik üçün əbədi təminat bazası.
Fuad Əliyev,
Sabirabad rayon sakini, gənc sahibkar