Ermənistanın Azərbaycana qarşı apardığı ədalətsiz müharibə, bu müharibənin nəticəsi
olaraq ərazisinin 20 faizinin işğalı Azərbaycanda kənd təsərrüfatının inkişafını ləngitmişdi. İllər
çəkən işğal müddətində min hektarlarla bağ sıradan çıxdı, neçə-neçə suvarma sistemi
yararsız hala düşdü. Azərbaycan Ordusunun tarixi Zəfərindən sonra işğal olunmuş ərazilərdə
quruculuq işləri başladı və böyük uğurlarla davam etməkdədir. Quruculuq işləri təkcə tikinti
sahəsinə aid deyil, bu, həm də kənd təsərrüfatının bərpasına və inkişafına aiddir. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş
müşavirədə çıxışında bildirdi ki, tarixi Zəfərdən sonra bütün regionlar canlandı, regionlarda
məşğulluq artdı və böyük infrastruktur layihələri icra edildi. Bu, Azərbaycanın Zəfərdən sonra
da Zəfər qazanacağının zəmanətidir. Dövlət başçısı bildirdi ki, “Bu gün bu layihələr olmadan
Azərbaycanın ümumi inkişafını təsəvvür etmək mümkün deyil. O cümlədən kənd təsərrüfatının
inkişafı üçün bu proqramda nəzərdə tutulmuş infrastruktur layihələri həlledici rol oynamışdı.
Çünki o vaxt bölgələrdə demək olar ki, qaz təchizatı yox idi. Elektrik təchizatı ilə nəinki
regionlarda, Bakıda böyük problemlər yaşanırdı, hətta böyük fasilələr olurdu. Avtomobil yolları
yararsız vəziyyətdə idi. Su ilə təchizat demək olar ki, tamamilə tükənmişdi. Yəni kəndlərin
dirçəldilməsi və kəndlərdə yaşayan insanların yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün bu
proqramın həlledici rolu olmuşdu. O ildən bu yana bölgələrdə genişmiqyaslı infrastruktur
layihələri icra edildi”.
“Elektrik təchizatı ilə heç bir yerdə heç bir problem yoxdur, nəinki özümüzü təmin edirik,
hətta bizim böyük ixrac potensialımız yaradılmışdır. Bir çox magistral, şəhərlərarası və kənd
yolları inşa edilmişdir. Böyük su anbarları inşa edilmişdir, ilk növbədə, Taxtakörpü, Şəmkirçay,
Göytəpə və digərləri. Kanallar yenidən qurulmuşdur və bu proses davam etdirilir. Bir sözlə,
bölgələrin və kənd təsərrüfatının inkişafı çox sürətlə getmişdir. Bunun nəticəsində bir çox
istiqamətlər üzrə kənd təsərrüfatı məhsullarının istehsalında böyük artım olmuşdur. Onu da
bildirməliyəm ki, bu illər ərzində bir neçə dövlət proqramı qəbul edilmişdir, üzümçülük,
pambıqçılıq, fındıqçılıq, sitrusçuluq, digər istiqamətlər üzrə və bu sahələrə böyük təkan
verilmişdir”.
Prezident İlham Əliyev müşavirədə Azərbaycan gerçəkliklərinin bəşərilik amilinə də
toxunaraq qeyd etdi ki, bizim fəaliyyətimizlə kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə
qayıdış prosesi başlasın: “…bu yaxınlarda Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma
Forumunun müzakirələrində də bu öz əksini tapmışdır, – genişmiqyaslı urbanizasiya, yəni
kəndlərdən şəhərlərə olan axın. Bu, təkcə ölkəmiz üçün deyil, bütün ölkələr üçün xas olan
mənfi meyildir. Ancaq bəzi ölkələr, sadəcə olaraq, bu məsələnin həlli üçün imkan tapa bilmir,
yaxud da ki, düzgün strategiya işləyə bilmirlər. Biz isə elə etməliyik ki, kəndlərdən şəhərlərə
yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın. Bunun üçün də əlbəttə ki, kəndlə şəhər
arasındakı istənilən istiqamətlər üzrə fərqlər azaldılmalıdır. Qeyd etdiyim Regional İnkişaf
Proqramının və proqramlarının, – dediyim kimi, bir neçə proqram qəbul edilmişdir, – məqsədi
də bu idi ki, bölgələrdə elə şərait yaradılmalıdır ki, insanlar orada yaşasınlar, qalsınlar, öz
dədə-baba torpaqlarında çalışsınlar, ənənəvi fəaliyyətlə məşğul olsunlar, əkin, biçin, turizm
imkanları. Yəni orada xidmət sektoru da yüksək səviyyədə olmalıdır”.
Regional İnkişaf proqramlarının icrasında sosial infrastruktur layihələrinin də uğurla icra
olunduğunu, qəbul edilmiş proqramların və qərarların böyük dönüşə səbəb olduğunu,
aqroparkların yaradılmasının kənd təsərrüfatının inkişafında çox böyük rol oynadığını, … da
nəzərə çatdıran cənab İlham Əliyev dedi: “Ancaq son bir neçə il ərzində kənd təsərrüfatının
inkişafında müşahidə edilən durğunluq, əlbəttə ki, bizi düşündürür və bu məqsədlə Dövlət
Proqramı hazırlanıb və qəbul ediləcək. Bununla əlaqədar bəzi rəqəmləri səsləndirmək
istərdim. Bu, xüsusilə özəl sektora göndərilən siqnal və mesaj olacaq. Çünki dövlət qurumları
bu rəqəmləri bilirlər. Özəl sektor nümayəndələrinin də Dövlət Proqramının icrasında xüsusi
rolu olmalıdır. Burada biznes nümayəndələrinin, əlbəttə ki, məsuliyyəti ön planda olmalıdır. Öz
ölkələrinə olan bağlılıq və sərmayə qoyuluşu üçün daha münbit şərait olmalıdır. Əlbəttə ki, biz
müxtəlif mexanizmlərdən də istifadə edəcəyik. Həm güzəştli kreditlər, həm digər alətlərdən
istifadə etməliyik ki, Azərbaycan sahibkarlarının kənd təsərrüfatının inkişafına sərmayə
qoymasına daha böyük həcmdə nail olaq”.
Dövlət xətti ilə həyata keçirilən bir çox layihələrin kənd təsərrüfatının inkişafına böyük
təkan verdiyini, dünyada gedən meyillərin kənd təsərrüfatının istehsalına da mənfi təsir
göstərdiyini, torpaqlardan səmərəli istifadə olunmasının zəruriliyini, hər bir əkin üçün yararlı
torpaq sahəsinin öz pasportu olmasıını, kənd təsərrüfatı texnikası ilə təminatın
yüksəldilməsinin, gübrə istehsalının artırılmasının, kənd təsərrüfatı texnikası ilə təminatın
yüksəldilməsinin zəruriliyini də diqqətə çatdıran dövlət başçımız Qarabağ kanalının bərpasına,
yenidən qurulmasına başlanıldığını, Aşağı Şirvan, Aşağı Qarabağ kanalları olmadığı üçün
vaxtilə Yuxarı Şirvan, Yuxarı Qarabağ kanalları adlandırılan kanallaın Şirvan və Qarabağ
kanalları adlandırıldığını da bildirərək dedi ki, “…bu kanallar işə düşəndən sonra bəlkə də 200-
300 min hektar torpağa su veriləcək. Ancaq bu torpaqlarda müasir şəbəkə qurulmalıdır və bu
da Dövlət Proqramında nəzərdə tutulur. Müasir suvarma sistemləri hazırda, – bu da dövlətin
dəstəyi ilə mümkün olub, – 130 min hektarda tətbiq olunur. Məqsəd bunu 300 min hektara
çatdırmaqdır. Əgər bizim 300 min hektarda müasir suvarma sistemləri qurularsa, baxın, nə
qədər məhsuldarlıq arta bilər”.
Azərbaycan Respublukasının Prezidenti cənab İlham Əliyev müşavirədə Kənd
Təsərrüfatı Nazirliyinin, Hökumətin, Prezident Administrasiyasının, İqtisadiyyat Nazirliyinin,
digər qurumların fəal işləməsinin zəruriliyini də diqqətə çatdırdı.
Bu müşavirə Azərbaycanda kənd təsərrüfatının daha dinamik inkişafının təmin edilməsi
istiqamətində fəaliyyətin istiqamətlərini müəyyənləşdirən vacib bir tədbir oldu.
Heydər Rüstəmov,
Sabirabad rayonu Qəzli kənd tam orta ümumtəhsil məktəbinin direktoru