Ukraynanın Dnepropetrovsk vilayətinin Pyatixatki şəhərinin meri, 61 yaşlı Hilal İsayev bıçaqlanıb.
1xeber.media Ukrayna mətbuatına istinadən xəbər verir ki, sinə nahiyəsindən bıçaq xəsarətləri almış İsayev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hücumu törədən şəxs hadisə yerindən qaçıb. Fermer olduğu bildirilən vətəndaşın axtarışı davam etdirilir.
Faktla bağlı cinayət işi qaldırılıb.
Qeyd edək ki, Hilal İsayev Lerik rayonunun Livədirqə kəndində anadan olub, Dnepr Dövlət Aqrar-İqtisad Universitetini bitirib. O, “Kaspiy” özəl kənd təsərrüfatı müəssisəsinə rəhbərlik edib, 2015-ci ildə isə “Batkivşina” partiyasından Dnepropetrovsk vilayət şurasının deputatı seçilib. 2019-cu ildə İsayev eyni partiyadan 9-cu çağırış Ali Radaya namizədliyini irəli sürsə də, seçilməyib.
2020-ci ildən Pyatixatki şəhərinin meri vəzifəsini tutur.