Вернуться назад Распечатать

Vahid Mustafayev da uşaqpulu məsələsinə reaksiya verdi

ANS-in qurucusu, jurnalist Vahid Mustafayev uşaqpulu məsələsilə bağlı gözəl yazı yazıb.

1xeber.media həmin yazıdan əsas hissəni təqdim edir:

"Azərbaycanda 14 yaşına çatmamış 2 milyondan çox uşaq var. Dövlət hər birinə ayda 100 azn müavinat versə, bu büdcəyə ayda 200 milyon AZN, ildə isə 2,5 milyard çox vəsaitə başa gələcək. Üstəlik, hökumət qorxur ki, insanlar uşaqpulu üçün sistemdən istifadə edər (korrupsiya və digər saxta müavinətlər), əmək bazarında passivlik yaranar, dövlət daimi ağır öhdəlik altına girər. 
Bu qorxuların müəyyən iqtisadi əsası var. Amma problem ondadır ki, Azərbaycan uzun illərdir bu məsələni yalnız xərc kimi hesablayır, heç bu məsələ ilə bağlı digər vacib sualı vermir: Bəs uşaqpulunun verilməməsinin qiyməti nə qədərdir?
Bəli, uşaqpulunun verilməməsinin də qiyməti var: 
- Demoqrafik geriləmə, ailələrin dağılması, doğum səviyyəsinin azalması;
- Kölgə iqtisadiyyatının böyüməsi, rəsmi maaşların gizlədilməsi;
- Sosial aqressiya, gənclərin ölkədən getməsi və nəticə olaraq ölkənin sürətlə qocalması.
Bu gün Almaniya, İsveç, Norveç, Fransa, Yaponiya və hətta doğum böhranı yaşayan Cənubi Koreya uşağa dövlət dəstəyi verir.
Çünki müasir dövlətlər artıq uşağa “xərc” kimi yox, gələcəyin vergi ödəyicisi, alimi, mühəndisi, müəllimi, həkimi və bu dövləti düşmənlərdən qoruyan əsgəri kimi baxırlar. Bir uşaq bəzən gələcəkdə on illərlə dövlət büdcəsini dolduracaq iqtisadi subyektə çevrilir. Bir uşaq bəzən gələcəkdə Şərqdə ilk Azərbaycan Demokratik Respublikasını yaradan Məhəmməd Əmin Rəsulzadə olur.
Uşaqlı ailələr maaşlarından tutulan gəlir vergisinin müəyyən hissəsindən azad edilə bilər.
İşsiz valideynlərə minimum əmək haqqının müəyyən hissəsi qədər müvəqqəti uşaq dəstəyi verilə bilər.
Bir daha təkrarlamaq istəyirəm - Dövlətin ən böyük sərvəti neft deyil — o tükənir. Qızıl deyil — o satılır. Şirkətlər deyil — onlar müflisləşə bilir. Siyasi ittifaqlar deyil — onlar dəyişir. Dövlətin ən böyük sərvəti insandır. İnsanın ən böyük davamı isə uşaqlardır."