Bayramlarla əlaqəli qeyri-iş günlərində bölgələrə səfər etmiş əhalinin daimi yaşayış yerlərinə qayıtması ilə yollarda hərəkət intensivliyi artacaq.
Bu barədə 1xeber.media-ya Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Baş Dövlət Yol Polisi İdarəsi tətil günlərinin xoş əhval-ruhiyyə ilə başa çatması üçün təhlükəsizlik qaydalarına əməl etməyi, mümkün qədər günün işıqlı vaxtı yola çıxmağı, yorğun, yuxusuz sükan arxasına əyləşməməyi xahiş edib:
"Xüsusilə sürücüləri yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə, yol və hava şəraitini düzgün qiymətləndirməyə, yolboyu ötmə və manevretmə qaydalarına, sürət rejiminə ciddi əməl etməyə çağırırıq".