Azərbaycan Yunanıstanın Patras şəhərində Balkan və Qara Dəniz regionlarının nəqliyyat bağlantılarına həsr edilən beynəlxalq konfransda təmsil olunub.
1xeber.media xəbər verir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) nəzdində fəaliyyət göstərən Beynəlxalq Nəqliyyat Forumunun (BNF) analitiki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin BNF-yə ezam olunan nümayəndəsi Əliş İsmayılov konfrans çərçivəsində keçirilən sessiyada çıxış edib.
Çıxışı zamanı Əliş İsmayılov bildirib ki, son illərdə qlobal təchizat zəncirləri ciddi sınaqlarla üzləşib, Avropa ilə Asiya arasında alternativ və dayanıqlı nəqliyyat marşrutlarının əhəmiyyəti daha da artıb. Bu kontekstdə Orta Dəhliz Avropa və Asiyanı birləşdirən strateji, iqtisadi cəhətdən səmərəli və dayanıqlı bağlantı xətti kimi formalaşır.
Həmçinin vurğulanıb ki, beynəlxalq bağlantıların gücləndirilməsi Azərbaycanın BNF-yə 2025 – 2026-cı illərdə həyata keçirdiyi sədrliyin əsas prioritetlərindən olub. Orta Dəhlizlə bağlı mövzu təşkilatın gündəliyində xüsusi yer tutub və gələcəkdə də bu istiqamətdə müzakirələrin davam etdirilməsi gözlənilir.
Çıxış zamanı OECD və BNF-nin hazırladığı “Orta Dəhlizin potensialının reallaşdırılması” hesabatına da istinad olunub. Hesabatda regional iqtisadi inteqrasiyanın gücləndirilməsi, sərhəd və tranzit prosedurlarının sadələşdirilməsi, liman və dəmir yolu infrastrukturuna investisiyaların artırılması, eləcə də dövlət və özəl sektor arasında əməkdaşlığın genişləndirilməsi əsas prioritetlər kimi müəyyən edilir.
Sonda BNF-nin 2026 – 2027-ci illər üzrə İş Proqramında yükdaşımaların səmərəliliyi və rəqəmsallaşdırılması mövzusunda yeni tədqiqatların nəzərdə tutulduğu bildirilərək üzv dövlətlər və tərəfdaş təşkilatlar əməkdaşlığa dəvət olunub.


