Вернуться назад Распечатать

ADY məktəblilər üçün növbəti maarifləndirmə tədbiri keçirdi - FOTOLAR

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) dəmir yolu xətlərinin yaxınlığında yerləşən təhsil müəssisələrində təhlükəsizlik qaydalarının təbliği məqsədilə həyata keçirdiyi maarifləndirmə tədbirlərini davam etdirir. Növbəti görüş Məmmədli kənd tam orta məktəbində təşkil olunub.

1xeber.media xəbər verir ki, tədbirdə dəmir yolu infrastrukturundan istifadə, qatarların hərəkət sürəti və keçidlərdə yarana biləcək risklər barədə ətraflı məlumat verilib. Görüşdə təhlükəsizlik qaydalarını əyani şəkildə nümayiş etdirən xüsusi videoçarx təqdim olunub.

Qeyd edilib ki, ADY tərəfindən piyadaların və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək üçün müasir yolötürücülərinin, yerüstü və yeraltı keçidlərin inşası sürətlə davam etdirilir. Eyni zamanda, ərazilər xəbərdaredici siqnalizasiya sistemləri ilə təchiz olunur. Məktəblilərin diqqətinə çatdırılıb ki, həyata keçirilən texniki tədbirlərin maksimum səmərəliliyi hər bir vətəndaşın fərdi məsuliyyət hissindən və təhlükəsizlik qaydalarına ciddi əməl etməsindən asılıdır.

İnteraktiv formatda keçən görüşdə məktəbliləri maraqlandıran suallar cavablandırılıb və onlara ADY tərəfindən hədiyyələr və davranış qaydaları ilə bağlı bukletlər təqdim edilib.

ADY bu qəbildən olan maarifləndirmə tədbirlərini dəmir yolu xətlərinə yaxın ərazilərdə yerləşən digər təhsil müəssisələrində də davam etdirəcək.