Вернуться назад Распечатать

06.06.2026, 16.06.2026, 26.06.2026 - Kim nəyə hazırlaşır?

Bu ay ilin ən yaddaqalan tarixləri olacaq - 06.06.2026, 16.06.2026, 26.06.2026. Rəqəmlərin simmetrik “güzgü effekti” yaradan düzülüşü səbəbindən minlərlə cütlük nikah və toy mərasimlərini məhz həmin günlərə salmağa çalışır. Bakının əksər şadlıq saraylarında iyunun 6-sı üçün yerlər aylar öncədən tutulub, 16.06.2026, 26.06.2026 isə Məhərrəmliyə düşür. Azərbaycanlıların əksəriyyəti Məhərrəmlikdə toy etmir. 

1xeber.media xəbər verir ki,“Yeni Sabah”ın araşdırması nəticəsində məlum olub ki, paytaxtdakı şadlıq saraylarının böyük əksəriyyətində 06.06.2026 tarixi artıq tam doludur.

Bəzi məkanlarda isə cəmi bir və ya iki boş zal qalıb. Lakin həmin zalların tutumu 600-700 nəfər olduğundan, onlar da hər ailənin büdcəsinə və qonaq sayına uyğun gəlmir. Şadlıq saraylarının əməkdaşları bildirirlər ki, belə böyük zallara adətən hər ailə üstünlük vermir. 

Maraqlıdır ki, cütlüklərin bu tarixə xüsusi marağı təkcə rəqəmlərin simmetriyası ilə bağlı deyil.

Belə ki, iyunun 16-dan etibarən Məhərrəm ayı başlayır. Azərbaycanda bir çox ailələr dini ənənələri nəzərə alaraq Məhərrəmlik dövründə toy etmədikləri üçün iyunun ilk yarısında keçiriləcək mərasimlərə tələbat daha da artıb.

Bu səbəbdən 06.06.2026-dan sonra nikah üçün maraq göstərilən növbəti günlər 16.06.2026 və 26.06.2026 tarixləri olub. Həmin günlərə toy salınmasa da (Məhərrəmliyə görə), sadə nikah mərasimləri edənlər çoxdur.

Nikahın rəsmi formada qeydiyyata alınması sahəsində də vəziyyət fərqli deyil. Nikah mərasimlərinin keçirildiyi Səadət Sarayına müraciət edən cütlüklər də eyni problemlə üzləşirlər. Burada nikaha girmək üçün bir ay öncədən müraciət olunmalıdır. Artıq 06.06.2026 tarixinə olan bütün yerlərin tutulduğu bildirilib.

Daha sonra 16.06.2026 tarixində nikah bağlamaq imkanları araşdırılıb. Bunun üçün mayın 15-də - həftəsonu qeyri-iş günləri nəzərə alınaraq əvvəlki iş günündə Səadət Sarayına müraciət olunub. Həmin tarix üzrə boş yerlərin qalmadığı məlum olub.

Problemlə üzləşənlər təkcə Səadət Sarayına müraciət edənlər deyil.

Nikah üçün tələb olunan tibbi müayinələrdən keçdikdən sonra vətəndaşlar sənədlərlə “ASAN Xidmət” mərkəzlərinə müraciət edirlər. Paytaxt üzrə sistemdə həmin tarixlər üçün boş saatlar demək olar ki, qalmayıb. Xüsusilə 06.06.2026 və 16.06.2026 tarixlərinə maraq digər günlərlə müqayisədə qat-qat yüksəkdir.

Sosioloqlar belə halların dünyanın müxtəlif ölkələrində də müşahidə edildiyini bildirirlər. İnsanlar yadda qalan, asan xatırlanan və müəyyən simvolik məna daşıyan tarixləri həyatlarının mühüm hadisələri üçün seçməyə meyilli olurlar. 06.06.2026 da məhz bu səbəbdən minlərlə cütlüyün diqqət mərkəzinə düşüb.

İndi isə həmin günü seçmək istəyən cütlüklərin qarşısında yalnız bir seçim qalır: boş yer tapmaq ümidi ilə gözləmək və ya toy tarixini dəyişmək.