İyunun 1-də paytaxtımız növbəti mötəbər tədbirə ev sahibliyi edib. Bakıda Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin və çoxaylı qonaqların iştirakı ilə Bakı Enerji Həftəsi
çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil and Gas", 14-
cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi "Caspian Power" və 31-ci "Baku Energy Forum"un
rəsmi açılış mərasiminləri keçirilib.
“Baku Energy Week” öz əsasını müstəqil Azərbaycanın beynəlxalq ixtisaslaşmış sərgisi
olan “Caspian Oil and Gas” sərgisindən alır. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə
başlanmış bu tədbir Prezident İlham Əliyevin dəstəyi ilə dünyanın ən nüfuzlu enerji
tədbirlərindən birinə çevrilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış
mərasimində iştirakı tədbirin yüksək statusunu və əhəmiyyətini vurğulayır. Tədbirdə 44
ölkədən 274 şirkətin iştirakı Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun,
etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin göstəricisidir. Tədbirin coğrafiyası
Azərbaycanla yanaşı Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Belarus, Belçika,
Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çexiya, Çin, Çin Xalq Respublikasının Honkonq
Xüsusi İnzibati Bölgəsi, Fransa, Hindistan, Filippin, Gürcüstan, İordaniya, İspaniya, İsveçrə,
İtaliya, Lüksemburq, Qətər, Qazaxıstan, Kanada, Litva, Macarıstan, Misir, Moldova, Monako,
Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya, Sinqapur, Səudiyyə Ərəbistanı, Tacikistan,
Türkiyə, Ukrayna, Yaponiya və digərlərini əhatə edir. Almaniya və Rusiya Bakı Enerji
Həftəsində milli pavilyon ilə təmsil olunur.
Bu il sərgi iştirakçılarının 35 faizini yeni şirkətlər təşkil edir. Azərbaycanın neft, qaz və
enerji sektoruna beynəlxalq maraq artmaqda davam edir: sərgi iştirakçılarının təxminən 60
faizini xarici şirkətlər, 40 faizini isə yerli müəssisələr təşkil edir. Bu, yüksək səviyyəli
beynəlxalq əməkdaşlıqla yanaşı, yerli biznesin fəal iştirakını da bir daha nümayiş etdirir.
Sərginin daimi iştirakçıları olan sənayenin aparıcı şirkətləri sərgi sahəsinin 40 faizini əhatə
edir. Ənənəvi olaraq, onların bir çoxu enerji sektorunun inkişafına töhfələrini təsdiqləyərək
sponsor kimi iştirak edirlər.
31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edən Azərbaycan
Prezidenti cənab İlham Əliyev bildirib ki, Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın
enerji inkişafının təməlini qoydu. “Zaman keçdikcə o, dəyişdi və daha da böyüdü, indi çoxsaylı
tədbirlərin və çox gözəl mərasimlərin keçirildiyi “Bakı Enerji Həftəsi” adlanır”, - deyə
dövlətimizin başçısı əlavə edib.
Prezident İlham Əliyev qeyd edib ki, dünya qazıntı yanacağı olmadan yaşaya bilməz.
Dövlətimizin başçısı, həmçinin vurğulayıb ki, hamımız planeti xilas etmək üçün daha yaxşı bir
iqlimə sahib olmaq istəyirik. Hamımız daha yaxşı bir mühitdə yaşamaq istəyirik. “Amma bu
gün biz çox praqmatik olmalı və realizmə əsaslanmalı, gələcəyimizi enerji təhlükəsizliyi ilə
əlaqədar planlaşdırmalı, həmçinin bərpaolunan enerji mənbələrinə investisiya qoymalıyıq”, -
deyə Prezident əlavə edib.
Dövlətimizin başçısı bildirib ki, bu gün Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir.
Aparıcı beynəlxalq reytinq agentlikləri tərəfindən reytinqlərimizin ildən-ilə artdığını vurğulayan
dövlətimizin başçısı qeyd edib ki, indiyə qədər artıq investisiya səviyyəli reytinqimiz var.
Yoxsulluğun 5 faiz səviyyəsinə endirildiyini, işsizlik eyni rəqəmlər ətrafında olduğunu
söyləyən Prezident, həmçinin deyib: “Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq”.
İldən ilə Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi mütləq artacaq. Düzgün
enerji siyasətinin bizə indi Azərbaycandan kənara investisiya qoymağa imkan verdiyini
söyləyən dövlətimizin başçısı vurğulayıb: “30 il əvvəl investorları cəlb etdiyimiz bir dövr idi. İndi
investisiyalarımızı xaricə yönəldirik. Bu gün dövlət neft şirkətimiz SOCAR Yaxın Şərqə,
Afrikaya, Mərkəzi Asiyaya investisiya qoyur və coğrafiya isə böyüyəcək”.
Qeyd edilib ki, bu gün ölkəmiz öz tərəfdaşları ilə enerji kabelləri ilə bağlı sıx əməkdaşlıq
edir. Qara dəniz enerji kabelinin Azərbaycandan Gürcüstana, Qara dənizdən Rumıniyaya,
Macarıstana və bir çox başqa ölkələrədək uzanacağını qeyd edən dövlətimizin başçısı digər
layihə olan Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan quru elektrik kabeli xəttinin də həyata
keçirilmə mərhələsində olduğunu diqqətə çatdırıb.
Həmçinin dəmir yolu və avtomobil yolu infrastrukturuna investisiya qoymaqla nəqliyyat üçün
yeni dəhlizlər açıldığı bildirilib. Şərq-Qərb dəhlizinin uğurla fəaliyyət göstərdiyini xatırladan
dövlətimizin başçısı qeyd edib: “Şərq-Qərb dəhlizinin digər bir qolu olacaq Zəngəzur dəhlizi
2025-ci il avqustun 8-də Ağ Evdə ABŞ Prezidenti, Ermənistanın Baş naziri və mənim aramda
imzalanmış sənədə əsasən mütləq inşa ediləcək”.
Artıq 30 ildən çoxdur ki, Bakı Enerji Həftəsi qlobal enerji sektorunda strateji dialoq,
beynəlxalq əməkdaşlıq və yeni biznes əlaqələrinin qurulduğu mühüm platforma kimi çıxış edir.
Bu gün tədbir ənənəvi enerji sektorundan daha geniş istiqamətləri əhatə edərək enerji keçidi,
yaşıl enerji, rəqəmsallaşma, süni intellekt texnologiyaları, logistika, sənaye və infrastruktur
sahələrini də birləşdirən beynəlxalq biznes ekosisteminə çevrilib.
Əfsər Əzizov,
RİHB aparatının Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsi, Sosial-iqtisadi
məsələlər, İnformasiya təminatı və təhlil sektorunun baş məsləhətçisi (əhali ilə görüşün
təşkilatçısı)