
İyunun 1-də Azərbaycan Respublikası və Mikroneziya Federativ Ştatları arasında diplomatik əlaqələr təsis edilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən 1xeber.media-ya verilən məlumata görə, iki dövlət arasında diplomatik münasibətlərin qurulması ilə bağlı Birgə Kommünike Nyu-York şəhərində Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Tofiq Musayev və Mikroneziyanın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Cim Lipve tərəfindən imzalanıb.
Birgə Kommünikedə Azərbaycan və Mikroneziya hökumətləri, habelə xalqları arasında qarşılıqlı anlaşma və əməkdaşlığın təşviq olunması niyyəti ifadə olunur.
Sənəddə, həmçinin hər iki dövlətin hökumətlərinin diplomatik əlaqələrin qurulmasında BMT Nizamnaməsini və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərini, xüsusən də dövlətlərin suverenliyi, ərazi bütövlüyü və onların daxili işlərinə qarışmamaq prinsipini əsas tutduqları vurğulanır.
Birgə Kommünikenin BMT sənədi kimi yayılması məqsədilə BMT Baş katibinə müvafiq məktub ünvanlanıb.