Azərbaycanlı mezzo-soprano Elmina Həsən dünya opera sənətinin ən nüfuzlu məkanlarından biri hesab olunan Vyana Dövlət Operasında debüt edib.
1xeber.media xəbər verir ki, Elmina Həsən debüt tamaşasında fransız bəstəkar Jorj Bizenin “Karmen” operasında Karmen obrazını canlandırıb.
Bu çıxış sənətçinin həm Vyana Dövlət Operasında ilk çıxışı, həm də birbaşa baş rolu ifa etməsinə görə xüsusilə əlamətdar hadisədir. Elmina Həsənin Vyana Dövlət Operasında Karmen obrazında çıxışı Azərbaycan musiqi mədəniyyəti üçün mühüm hadisə kimi qiymətləndirilməlidir. Belə ki, o, Vyana Dövlət Operasının səhnəsində baş rolda çıxış edən ilk azərbaycanlı qadın opera müğənnisidir.
Tamaşada Don Xose rolunu məşhur tenor Freddi De Tommaso, Eskamilyo rolunu Kristian Van Horn, Mikaela rolunu isə Anna Bondarenko ifa edib. Tamaşaya dirijor Aşer Fiş rəhbərlik edib, quruluşçu rejissor isə tanınmış ispan rejissoru Kalixto Bieito olub.
Vyana Dövlət Operasının rəsmi saytına görə, Elmina Həsən 2025–2026-cı il mövsümündə teatrın səhnəsində Karmen partiyasında bir neçə tamaşada çıxış edəcək.
Bakıda anadan olan və son illərdə beynəlxalq opera səhnələrində uğurla çıxış edən Elmina Həsən gənc nəslin ən perspektivli opera ifaçılarından biri hesab olunur. O, ABŞ-da Metropoliten Operasının Lindemann Gənc Sənətçilərin İnkişaf Proqramının iştirakçısı olub, Avropa və Şimali Amerikanın nüfuzlu opera səhnələrində çıxış edib.
Qeyd edilməlidir ki, 1869-cu ildə fəaliyyətə başlayan Vyana Dövlət Operası dünya opera sənətinin ən nüfuzlu teatrlarından biri hesab edilir. Burada çıxış etmək beynəlxalq opera aləmində ən yüksək peşəkar nailiyyətlərdən biri sayılır. Bu baxımdan Elmina Həsənin debütü yalnız şəxsi yaradıcılıq uğuru deyil, eyni zamanda Azərbaycan vokal məktəbinin və milli musiqi mədəniyyətinin beynəlxalq səviyyədə tanınmasının növbəti göstəricisi hesab edilə bilər.
Elmina Həsənin bu uğuru gənc azərbaycanlı musiqiçilər üçün ilham mənbəyi olmaqla yanaşı, Azərbaycanın zəngin musiqi ənənələrinin və opera məktəbinin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir.