Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin əsasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Milli Kibertəhlükəsizlik Agentliyi” publik hüquqi şəxs yaradılıb.
1xeber.media xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.
Fərmanla müəyyən edilib ki, Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sahəsində tənzimləmənin və nəzarətin (kritik informasiya infrastrukturlarına, dövlət orqanlarına (qurumlarına) məxsus olan informasiya infrastrukturlarına münasibətdə yalnız məlumat mübadiləsinin) həyata keçirilməsini, həmçinin dayanıqlılığın artırılmasını, o cümlədən informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyasını, informasiya infrastrukturlarının kibertəhlükəsizliyinin pozulmasına yönəldilmiş hərəkətləri aşkarlamaq, araşdırmaq və qarşısını almaq üçün preventiv tədbirlərin görülməsini (dövlət orqanlarına (qurumlarına) məxsus olan informasiya infrastrukturları, eləcə də kritik informasiya infrastrukturları istisna olmaqla), mövcud və yarana biləcək kibertəhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı, əhalinin, dövlət və qeyri-dövlət qurumlarının kibertəhlükəsizlik sahəsində maarifləndirilməsini və onlara metodiki dəstək göstərilməsini təmin edən (ali kateqoriya dövlət orqanlarına, mühafizə olunan şəxslərə, qorunan və strateji obyektlərə, habelə dövlət orqanlarına (qurumlarına) məxsus olan informasiya infrastrukturlarına münasibətdə aidiyyəti səlahiyyətli orqan vasitəsilə, kritik informasiya infrastrukturunun təhlükəsizliyinə münasibətdə kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində səlahiyyətli orqan vasitəsilə), habelə yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatlarında yerləşdirilməsinə qarşı tədbirlər görən və fərdi məlumatların mühafizəsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.
Agentlik qeyd edilən dövlət orqanının hüquqi varisidir, onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir.
Agentliyin nizamnamə fondu bu Fərmanın 1-ci hissəsində qeyd edilən dövlət orqanı üçün cari ilin dövlət büdcəsində nəzərdə tutulmuş və həmin dövlət orqanının öhdəliklərinin tam icra olunduğu tarixədək istifadə olunmamış vəsait hesabına formalaşdırılır;
Agentliyin fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri fəaliyyətindən, o cümlədən göstərdiyi xidmətlərdən əldə olunan vəsait və qanunla qadağan edilməyən digər mənbələr hesabına maliyyələşdirilir.
Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün 4 (dörd) üzvdən – sədr və onun 3 (üç) müavinindən ibarət İdarə Heyəti yaradılır.
Fərmanla Agentliyin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilir:
Azərbaycan Respublikasının Prezidentinə:
Agentliyin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onlarda dəyişiklik edilməsi;
Agentliyin idarəetmə orqanlarının yaradılması;
Agentliyin yenidən təşkili və ləğvi;
Nazirliyə “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Agentlik dövlət qeydiyyatına alındığı gündən 1 (bir) ay müddətində bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan dövlət orqanının balansındakı əmlakın Agentliyin balansına verilməsini təmin etmək və Agentliyin maddi-texniki təminatının yaxşılaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək həvalə edilir.
Fərmana əsasən, nazirlik Agentliyin dövlət qeydiyyatına alınması üçün bu Fərman qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görməli, bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.