Вернуться назад Распечатать

Son 2 ildə nazirliyin 72 milyonluq tenderlərini udan şirkətin 3,7 milyon vergi borcu var

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Vest-LTD” QSC (VÖEN – 2100393871) olub.
1xeber.media Yeniavaz.com-a istinadla
 xəbər verir ki, “Vest-LTD” QSC Elm və Təhsil Nazirliyinə təhsil müəssisələri üçün mebel və idman inventarları və digər malları satacaq.
Nazirlik satın alacağı mallar üçün “Vest-LTD” QSC-yə 16 milyon 861 min 388 manat 18 qəpik ödəyəcək.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi ötən il də “Vest-LTD” QSC-dən təxminən eyni məbləğdə – 17 milyon 128 min 303 manat 94 qəpiyə mebel inventarları satın alıb. Bunlardan başqa, “Vest-LTD” QSC 2024-cü ildə nazirliyə 17 milyon 981 min 180 manat 51 qəpiklik, 2022-ci ildə 16 milyon 930 min manatlıq, 2021-ci ildə isə 12 milyon 499 min manatlıq mebel inventarları satıb. Ümumilikdə son 2 ildə Elm və Təhsil Nazirliyi “Vest-LTD” QSC ilə 72 milyon manatlıq satınalma müqavilələri imzalayıb.
“Vest-LTD” QSC 14 aprel 2010-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2050 manat olan şirkətin hüquqi ünvanı “Bakı şəhəri, Binəqədi rayonu, Cavad xan, ev 51, m. 46” olaraq göstərilir. Şirkətin qanuni təmsilçisi isə Verdəliyev Şahin Əlimərdan oğludur.
Məlumat üçün bildirək ki, hər il dövlət qurumlarının milyonlarla manat dəyərində tender müsabiqələrində qalib olan “Vest-LTD” QSC-nin dövlət büdcəsinə böyük həcmdə vergi borcu yaranıb.
Açıqlanan son məlumata görə, “Vest-LTD” QSC-nin dövlət büdcəsinə 3 milyon 743 min 278 manat 50 qəpik vergi borcu var.
Onu da bildirək ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 23.3.5.1-ci maddəsinin tələblərinə görə mümkün deyil.
“Vest-LTD” QSC aprel ayının 28-də tender müsabiqəsinin qalibi elan olunub. Əgər tender keçirilən zaman şirkətin vergi borcu olmayıbsa, o zaman 3,7 milyon manatlıq borc son bir ayda yaranıb.
Onu da bildirək ki, dövlət büdcəsindən milyonlarla manat vəsait alan bu şirkətin nəinki veb saytı, adi sosial şəbəkə hesabları belə yoxdur. “Vest-LTD” QSC-nin adı sonuncu dəfə mətbuatda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışı zamanı gündəmə gəlib.
Abidənin açılışından sonra Aşıq Ələsgərin heykəli sosial şəbəkələrdə və mətbuatda geniş müzakirələrə səbəb olub.
Aşıq Ələsgərin abidəsinin el sənətkarına layiq olduğunu bildirənlərlə yanaşı, heykəl barədə tənqidi fikir səsləndirənlər də olub.
Bildirilib ki, Aşıq Ələsgərin abidəsinin hazırlanması üçün Mədəniyyət Nazirliyi “Vest-LTD” QSC-yə 307 min manat vəsait ayırıb.