Qlobal tədbirlərə yüksək səviyyədə ev sahibliyi edən paytaxt Bakı son dövrlərdə artıq
beynəlxalq işgüzar tədbirlərin təşkil edildiyi mərkəz kimi tanınır. BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər
bir tədbirin təşkilinin Azərbaycana həvalə edilməsi ölkənin dünyada beynəlxalq və geniş
miqyaslı təbirlərin uğurlu təşkilatçısı statusunu bir daha sübut edir. BMT-nin İqlim Dəyişikliyi
üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un
Azərbaycanda keçirilməsi əlbəttə ki, ölkəmizə olan daha bir ehtiramın təzahürüdür.
Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a
2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. Təbii ki,
beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin inkişafının təqdimatı baxımından da
əhəmiyyətlidir.
Genişmiqyaslı hadisə – enerji sektoru nümayəndələrini bir araya gətirən Bakı Enerji
Həftəsi Azərbaycanın enerji sektorundakı rolunu və dünya enerji təhlükəsizliyinə verdiyi
töhfənin təzahürüdür. Belə ki, iyunun 1-də regionun enerji sahəsində mühüm hadisəsi olan
Bakı Enerji Həftəsi öz işinə başlayıb. Bakı Ekspo Mərkəzində təşkil edilən Bakı Enerji Həftəsi
özündə üç mötəbər tədbiri birləşdirir: Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci
Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz
Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”u.
Xatırladaq ki, ilk dəfə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il mayın
24-də keçirilən “Xəzər Neft və Qaz” sərgisi bundan sonra ənənəvi hal alıb. Keçirildiyi 30 il
ərzində “Bakı Enerji Həftəsi” Azərbaycanda neft, qaz və enerji sənayesinin inkişafına töhfə
verib, dünyanın müxtəlif ökələrindən çoxsaylı şirkərlər və minlərlə ziyarətçini cəlb edib.
Bu il 44 ölkədən 274 şirkətin iştirakı ilə keçirilən sərgi iştirakçılarının 35 faizini yeni
şirkətlər təşkil edir. Azərbaycanın neft, qaz və enerji sektoruna beynəlxalq maraq artmaqda
davam edir: sərgi iştirakçılarının təxminən 60 faizini xarici şirkətlər, 40 faizini isə yerli
müəssisələr təşkil edir. Bu, yüksəksəviyyəli beynəlxalq əməkdaşlıqla yanaşı, yerli biznesin fəal
iştirakını da bir daha nümayiş etdirir.
Prezident İlham Əliyev bu mötəbər tədbirlərdə iştirak edərək çıxış edərək bildirib ki,
Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu. “Zaman
keçdikcə o, dəyişdi və daha da böyüdü, indi çoxsaylı tədbirlərin və çox gözəl mərasimlərin
keçirildiyi “Bakı Enerji Həftəsi” adlanır”, – deyə dövlətimizin başçısı əlavə edib.
Dövlətimizin başçısı, həmçinin vurğulayıb ki, dünya qazıntı yanacağı olmadan yaşaya
bilməz, hamımız planeti xilas etmək üçün daha yaxşı bir iqlimə sahib olmaq istəyirik. Hamımız
daha yaxşı bir mühitdə yaşamaq istəyirik. “Amma bu gün biz çox praqmatik olmalı və realizmə
əsaslanmalı, gələcəyimizi enerji təhlükəsizliyi ilə əlaqədar planlaşdırmalı, həmçinin
bərpaolunan enerji mənbələrinə investisiya qoymalıyıq”, – deyə Prezident əlavə edib.
Bildirilib ki, bu gün Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir. Aparıcı beynəlxalq
reytinq agentlikləri tərəfindən reytinqlərimizin ildən-ilə artdığını vurğulayan dövlətimizin başçısı
qeyd edib ki, indiyə qədər artıq investisiya səviyyəli reytinqimiz var. Yoxsulluğun 5 faiz
səviyyəsinə endirildiyini, işsizlik eyni rəqəmlər ətrafında olduğunu söyləyən Prezident,
həmçinin deyib: “Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq”.
Hazırda Azərbaycanın yaşıl enerji gündəliyi çox genişdir. Azərbaycan neft və qaz ölkəsi
olmaqla yanaşı, investorlarla bərabər məhz yaşıl enerjiyə sərmayə qoyub. Bu da ölkəmizin
məsuliyyətini nümayiş etdirir. Azərbaycan Prezidenti İlham Əliyev “Bakı Enerji Həftəsi”nin
iştirakçılarına müraciətində bildirb ki, bu gün dünyada enerji sektoru dayanıqlı inkişafın əsas
sütunlarından biridir. Müasir geosiyasi proseslər göstərir ki, enerji təhlükəsizliyinin etibarlı
təminatı enerji mənbələrinin şaxələndirilməsi və innovativ texnologiyaların tətbiqi ilə birbaşa
bağlıdır. Bu baxımdan, bərpa olunan enerji və aşağı karbon texnologiyalarına investisiyalar
sürətlə artır. Enerji keçidi artıq yalnız ekoloji məsələ deyil, həm də iqtisadi təhlükəsizlik və
rəqabətqabiliyyətlilik amilinə çevrilib.
Ölkəmiz də “yaşıl enerji” istiqamətində ardıcıl siyasət həyata keçirir və strateji
mövqeyini daha da möhkəmləndirir. Avrasiyanın enerji və nəqliyyat marşrutlarının
kəsişməsində yerləşən ölkəmiz regional enerji əməkdaşlığının inkişafına etibarlı tərəfdaş kimi
mühüm töhfə verir. Bol enerji resursları, formalaşdırılmış infrastruktur və beynəlxalq səviyyədə
qazanılmış yüksək etimad əsas üstünlüklərimizdir.
Dövlətimizin başçısı qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən
genişmiqyaslı bərpa-quruculuq işləri çərçivəsində “yaşıl enerji zonası” modelinin uğurla tətbiqi
ölkəmizin gələcək enerji strategiyasının əsas istiqamətlərindən birinə çevrilmişdir. Bu
yanaşmanın uğurla həyata keçirilməsi onun daha da genişləndirilməsinə və Naxçıvanın da
“yaşıl enerji zonası” elan edilməsinə zəmin yaratmışdır. “Əminəm ki, “Bakı Enerji Həftəsi”
bundan sonra da qlobal enerji dialoqunun genişlənməsinə, yeni təşəbbüslərin formalaşmasına
və dayanıqlı enerji gələcəyinin qurulmasına mühüm töhfə verəcəkdir” – deyə dövlətimizin
başçısı bildirib.
Bu gün Azərbaycan dünyanın enerji təhlükəsizliyində xüsusi çəkisi olan ölkələr
sırasında yer alır. Azərbaycan davamlı surətlə enerji təhlükəsizliyinin gücləndirilməsində
etibarlı tərəfdaşa çevrilib.
Qənimət Səmədov,
Sabirabad rayon Qaz xidmət sahəsinin rəisi