Вернуться назад Распечатать

Azərbaycanın neft, qaz və enerji sektoruna beynəlxalq maraq artmaqda davam edir

İyunun 1-də  Bakıda öz işinə başlayan Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci
Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji
Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində dövlət başçısı
İlham Əliyev bildirib ki, Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini
qoydu. “Zaman keçdikcə o, dəyişdi və daha da böyüdü, indi çoxsaylı tədbirlərin və çox gözəl
mərasimlərin keçirildiyi “Bakı Enerji Həftəsi” adlanır”, – deyə dövlətimizin başçısı əlavə edib.
Tədbirdə  44 ölkədən 274 şirkətin iştirakı Azərbaycanın beynəlxalq münasibətlər sistemində
artan rolunun, etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin göstəricisidir.
Dövlət başçısı İlham Əliyev tədbirin sərgilərinin açılış mərasimində bildib ki, dünya qazıntı
yanacağı olmadan yaşaya bilməz. Dövlətimizin başçısı, həmçinin vurğulayıb ki, hamımız planeti xilas
etmək üçün daha yaxşı bir iqlimə sahib olmaq istəyirik. Hamımız daha yaxşı bir mühitdə yaşamaq
istəyirik. “Amma bu gün biz çox praqmatik olmalı və realizmə əsaslanmalı, gələcəyimizi enerji
təhlükəsizliyi ilə əlaqədar planlaşdırmalı, həmçinin bərpaolunan enerji mənbələrinə investisiya
qoymalıyıq”, – deyə Prezident əlavə edib.
Prezident İlham Əliyev tədbirin açılış mərasimindəki çıxışında qeyd edib ki, bu gün
Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir. Aparıcı beynəlxalq reytinq agentlikləri tərəfindən
reytinqlərimizin ildən-ilə artdığını vurğulayan dövlətimizin başçısı qeyd edib ki, indiyə qədər artıq
investisiya səviyyəli reytinqimiz var.
Yoxsulluğun 5 faiz səviyyəsinə endirildiyini, işsizlik eyni rəqəmlər ətrafında olduğunu söyləyən
Prezident, həmçinin deyib: “Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq”.
Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq. Düzgün enerji siyasətinin bizə indi
Azərbaycandan kənara investisiya qoymağa imkan verdiyini söyləyən dövlətimizin başçısı vurğulayıb:
“30 il əvvəl investorları cəlb etdiyimiz bir dövr idi. İndi investisiyalarımızı xaricə yönəldirik. Bu gün
dövlət neft şirkətimiz SOCAR Yaxın Şərqə, Afrikaya, Mərkəzi Asiyaya investisiya qoyur və coğrafiya
isə böyüyəcək”.
Bu gün tərəfdaşlarımızla enerji kabelləri ilə bağlı sıx əməkdaşlıq edirik. Qara dəniz enerji
kabelinin Azərbaycandan Gürcüstana, Qara dənizdən Rumıniyaya, Macarıstana və bir çox başqa
ölkələrədək uzanacağını qeyd edən dövlətimizin başçısı digər layihə olan Azərbaycan-Gürcüstan-
Türkiyə-Bolqarıstan quru elektrik kabeli xəttinin də həyata keçirilmə mərhələsində olduğunu diqqətə
çatdırıb.
Bu il sərgi iştirakçılarının 35 faizini yeni şirkətlər təşkil edir. Azərbaycanın neft, qaz və enerji
sektoruna beynəlxalq maraq artmaqda davam edir: sərgi iştirakçılarının təxminən 60 faizini xarici
şirkətlər, 40 faizini isə yerli müəssisələr təşkil edir. Bu, yüksək səviyyəli beynəlxalq əməkdaşlıqla
yanaşı, yerli biznesin fəal iştirakını da bir daha nümayiş etdirir. Sərginin daimi iştirakçıları olan
sənayenin aparıcı şirkətləri sərgi sahəsinin 40 faizini əhatə edir. Ənənəvi olaraq, onların bir çoxu enerji
sektorunun inkişafına töhfələrini təsdiqləyərək sponsor kimi iştirak edirlər.
“Bakı Enerji Həftəsi” Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə bünövrəsi qoyulmuş
“Caspian Oil & Gas” sərgisinin məntiqi davamı kimi formalaşaraq enerji sahəsində nüfuzlu beynəlxalq
hadisəyə çevrilmişdir. Enerji diplomatiyasının inkişafına, strateji tərəfdaşlıqlar qurulmasına və qlobal
enerji xəritəsində ölkəmizin mövqeyinin möhkəmlənməsinə töhfə verən bu tədbir ilk milli sərgi
brendimiz kimi tarixə düşmüşdür. Dövlətimizin başçısı bildirib ki, ötən illər ərzində bu təşəbbüs enerji
sahəsində qlobal meyillərə uyğun şəkildə genişlənmiş və “Bakı Enerji Həftəsi” formatını almışdır.
Ənənəvi enerji mənbələrindən bərpaolunan enerjiyə qədər geniş məzmunda məsələlərin müzakirə
edildiyi “Bakı Enerji Həftəsi” artıq yeni yanaşmaların və beynəlxalq enerji dialoqunun formalaşdığı
nüfuzlu bir forum kimi tanınır.
Hazırda Azərbaycanın yaşıl enerji gündəliyi çox genişdir. Azərbaycan neft və qaz ölkəsi
olmaqla yanaşı, investorlarla bərabər məhz yaşıl enerjiyə sərmayə qoyub. Bu da ölkəmizin
məsuliyyətini nümayiş etdirir. Azərbaycan Prezidenti İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına
müraciətində bildirb ki, bu gün dünyada enerji sektoru dayanıqlı inkişafın əsas sütunlarından biridir.
Müasir geosiyasi proseslər göstərir ki, enerji təhlükəsizliyinin etibarlı təminatı enerji mənbələrinin
şaxələndirilməsi və innovativ texnologiyaların tətbiqi ilə birbaşa bağlıdır. Bu baxımdan, bərpa olunan
enerji və aşağı karbon texnologiyalarına investisiyalar sürətlə artır. Enerji keçidi artıq yalnız ekoloji
məsələ deyil, həm də iqtisadi təhlükəsizlik və rəqabətqabiliyyətlilik amilinə çevrilib.
Rəfail Babayev,
Sabirabad rayon Elektrik Şəbəkəsinin rəisi