Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I beynəlxalq elmi konfransının əsas məqsədi Qərbi Azərbaycana qayıdış və bunun milli konsepsiya kimi araşdırılması və qarşıdan gələn dövr üçün qarşımıza qoyduğumuz vəzifələrin müyyənləşdiriliməsi, birgə qərarların qəbul edilməsi, eyni zamanda, tədqiqat və akademikyönümlü fəaliyyətin həyata keçirilməsini birlikdə tənzimləməkdir.
1xeber.media xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində BDU-nun rektoru Elçin Babayev deyib. O bildirib ki, ali təhsil müəssisələri, elmi-tədqiqat institutları, alimlər, araşdırmaçılar məhz elmi həqiqətlərin bir daha yeni çalarlarla üzə çıxarılmasına, dünyaya olduğu kimi çatdırılmasına, eyni zamanda, müxtəlif aspektlərdən tədqiqatların aparılmasına böyük üstünlük verirlər: “Bu məqsədlə Bakı Dövlət Universitetində Qərbi Azərbaycan Araşdırmaları Mərkəzi açılıb. Bir neçə istiqamətdə tədqiqatlar aparılır. Həm tarix, həm hüquq, həm də sosial-psixoloji, ekoloji, coğrafi, geoloji problemlərin hamısının vahid bir kontekstdə araşdırılması ciddi səylər tələb edir. Düşünürəm ki, bu məsələdə də ən müxtəlif qurumlar, həm ali təhsil müəssisələri, elmi-tədqiqat institutları, həm də müxtəlif qurumlar birləşməli və birgə səylərlə biz bu həqiqətin elmi əsaslarla sübutuna nail olmalıyıq. Bu istiqamətdə mən hər birimizə uğurlar arzu edirəm və düşünürük ki, dövlət başçısının da qeyd etdiyi kimi, bu qayıdış tanklarla deyil, məhz sülhməramlı bir qayıdış olacaq və bu tarixi həqiqət çox yaxın zamanda öz yerini tapacaq”.