Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən qazanılan tarixi Zəfər, ölkəmizin ərazi bütövlüyünü və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış hüdudlar çərçivəsində dövlət suverenliyimizi bərqərar etməklə yanaşı, eyni zamanda, yüz minlərlə soydaşımızın öz doğma torpaqlarına qayıdışı üçün münbit şərait yaradıb.
1xeber.media xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.
O bildirib ki, dünya praktikasında öz unikallığı ilə səciyyələnən Böyük Qayıdış istər miqyasına, istərsə də işğal dövründə məruz qalmış dağıntıların həcminə görə, 2030-cu ilədək ölkəmizdə sosial-iqtisadi inkişafa dair 5 milli prioritetdən biridir.