Вернуться назад Распечатать

AYNA rəhbərliyinə ŞOK İTTİHAMLAR: “Bakını yaşanmaz hala gətiriblər"

Bakı şəhərində nəqliyyat sisteminin və yol hərəkətinin tənzimlənməsi istiqamətində son dövrlər həyata keçirilən kəskin dəyişikliklər, tətbiq olunan xüsusi zolaqlar və artan cərimə sanksiyaları paytaxt sakinləri ilə yanaşı, hüquqşünaslar və nəqliyyat ekspertləri tərəfindən də ciddi etirazlarla qarşılanır. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) rəhbərliyi tərəfindən idarə olunan bu proseslərin şəhər infrastrukturunu rahatlaşdırmaq əvəzinə, sürücülər üçün əlavə süni maneələr formalaşdırdığı və hərəkət iştirakçılarını çıxılmaz vəziyyətə saldığı iddia edilir. Paytaxtın əsas nəqliyyat qovşaqlarında, o cümlədən Həsən Əliyev küçəsi ilə Tbilisi prospektinin kəsişməsində tətbiq edilən yeni xətlənmə və svetofor tənzimləmələrinin tıxacları daha da qəlizləşdirməsi, habelə Beynəlxalq Avtovoqzal Kompleksinin ətrafındakı təhlükəsiz sərnişin düşürmə zonalarında belə vətəndaşlara kütləvi şəkildə inzibati cərimələrin yazılması ictimai narazılığı pik həddə çatdırıb.

Ekspertlər hesab edir ki, əsas fundamental infrastruktur layihələri, məsələn, zəruri yol qovşaqlarında körpü komplekslərinin inşası arxa plana keçirilərək rəqəmsal və inzibati cəzalandırma mexanizmlərinə üstünlük verilməsi vətəndaş məmnuniyyəti prinsipinə tamamilə ziddir.

1xeber.media xəbər verir ki, bu sözləri tanınmış hüquqşünas Fərhad Mehdiyev deyib. Onun sözlərinə görə, AYNA-nın rəhbərliyi tərəfindən yürüdülən mövcud nəqliyyat siyasəti paytaxt sakinlərinin gündəlik həyatını çətinləşdirməyə və sürücüləri kütləvi şəkildə cərimələməyə hesablanıb: "Bəzən insana elə gəlir ki, bu qurumun əsas məqsədi cərimələnən sürücülərin sayını süni şəkildə artırmaqla insanların fərdi avtomobil sürmə həvəsini tamamilə yox etməkdir. Bu cür aqressiv sıxışdırma və cəzalandırma metodları birbaşa ölkə Prezidentinin apardığı humanist daxili siyasətə tamamilə ziddir. Dövlət Başçısı hər bir vətəndaşın rifahı, rahatlığı və firavanlığı üçün çalışdığı, sosial şəraitin yaxşılaşdırılmasını tələb etdiyi halda, AYNA Bakı şəhərində doğulub böyüyən sakinlərə öz doğma şəhərlərini yaşanmaz, hərəkət edilməz bir hala gətirir. Keçirilən 'tənzimləmələr' və qərarlar real hərəkət məntiqindən və peşəkar yol təşkilindən çox uzaqdır".

Hüquqşünas vurğulayıb ki, konkret ünvanlarda tətbiq edilən layihələr və sərnişin daşınması zamanı yaranan hüquqi tələbələr heç bir məntiqi əsasa söykənmir: "Məsələn, Həsən Əliyev küçəsi ilə Tbilisi prospektinin birləşməsində yeni xətlər çəkildi, svetofor quraşdırıldı, amma nəticədə indi həmin nöqtədə vətəndaşlar daha çox gözləməli və vaxt itirməli olurlar. Həmin sıx qovşaqda müasir bir körpü kompleksi tikilməlidir, qalan bu cür xırda və kosmetik dəyişikliklər vəziyyətə heç bir ciddi və müsbət təsir göstərməyəcək. Digər bir acınacaqlı məqam sərnişinlərin təhlükəsizliyidir. Mən özüm 78 yaşlı anamı, təqaüdçü, şəhid anasını Sumqayıt istiqamətindən gələrkən avtovoqzal kompleksinin 'cib' yoluna daxil olmaqla, avtomobillərin rəsmən park etdiyi xüsusi təhlükəsiz sahədə endirdim. Yaşlı qadını endirərkən cəmi 15-20 saniyə dayandım. Amma dərhal elektron kabinetə cərimə gəlir ki, orada maşın saxlayıb sərnişin düşürmək olmaz. Sual olunur: bəs vətəndaş, xüsusən şəhid anası, yaşlı insan harada endirilməlidir? Sürətli magistral yolda sərnişini endirib onun həyatını birbaşa ölüm riskinə atmalıyıq? İnanın ki, süni intellekt sistemləri belə bu qurumdakı tənzimləmələrə rəhbərlik edənlərdən daha yaxşı anlayır yol hərəkətinin real təşkilini".

Fərhad Mehdiyev rəqəmsal dövlət xidmətlərinin işindəki ciddi çatışmazlıqlara da diqqət çəkərək aidiyyəti orqanlara təcili çağırış edib: "Vətəndaşlara qarşı bu dərəcədə inzibati təzyiq rəva görülürsə, heç olmasa onların elementar hüquqi haqları təmin edilməlidir. Zəhmət olmasa, sürücülər barəsində cərimə protokolu tərtib edəndə, onunla bağlı çıxarılan rəsmi qərarı da mütləq şəkildə dərhal elektron kabinetə yükləyin. Vətəndaş ona yazılan cərimənin qərarını kağız üzərində almaq üçün idarələrə gedib əziyyət çəkməməli, növbələrdə durub vaxt itirməməlidir. Rəqəmsallaşma yalnız cərimə yazmaq üçün deyil, həm də şəffaflığı təmin etmək və vətəndaşın işini yüngülləşdirmək üçün mexanizmə çevrilməlidir".

nocomment.az