Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğında həyatını itirən azyaşlının atası, vəkil Əli Qəmbərov prezidentə videomüraciət edib.
1xeber.media xəbər verir ki, o, müraciətində istintaqın gedişindən narazı qaldığını bildirib.
“İstintaq müddətində dəfələrlə mən və digər həmkarlarım tərəfindən Baş Prokurorluğun Kriminalistika şöbəsinə müxtəlif vəsatətlər təqdim olunub. Vəsatətlərdən biri ondan ibarət idi ki, “Loft” adlı restoran və klinikanın nəinki direktoru, hətta sahibkarı Vüqar Abbasov adlı şəxs də məsuliyyətə cəlb olunmalıdır. Çünki bununla bağlı ciddi əsaslarımız var idi. Lakin Kriminalistika şöbəsi heç bir əsas göstərmədən sözügedən vəsatətləri rədd edib.
Bu gün ittiham aktı ilə tanış olarkən bir məqam diqqətimi çəkdi. Məlum olur ki, Vüqar Abbasov adlı şəxsin həbsi ilə bağlı vəsatət verildikdə, bu vəsatətlər rədd edilməklə yanaşı, o, zərərçəkmiş şəxs qismində tanınıb. Guya ki, ona 200 mindən artıq maddi ziyan dəyib.
Hazırda həbsdə olan təqsirləndirilən şəxs Bəhruz Paşayevin işini yüngülləşdirmək məqsədilə ittiham aktından belə məlum olur ki, guya Bəhruz Paşayev Vüqar Abbasova 200 mindən artıq məbləğdə ziyan ödəyib. Bununla da Bəhruz Paşayevə Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsi tətbiq olunub, yəni bu hal yüngülləşdirici hal kimi nəzərə alınıb.
Məsələ ondadır ki, Vüqar Abbasov adlı şəxs Bəhruz Paşayevin qohumu olmasını əsas gətirərək və ona yardım etmək məqsədilə mənə maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı müxtəlif vaxtlarda həm dolayısı ilə, həm də şəxsən müraciət edib. Mən isə bu cür təkliflərdən imtina etmişəm.
Necə olur ki, həmin şəxs bu iş üzrə zərərçəkmiş kimi tanınır və ona öz dayısı oğlu - Bəhruz Paşayev tərəfindən 200 mindən artıq ziyan ödənilir?
Bu qədər xəsarət alan şəxslər, yaxınlarını itirmiş üç ailə olduğu halda, onlara heç bir ziyan ödənilmir, amma guya obyektin sahibi Vüqar Abbasov zərərçəkmiş kimi tanınır və nəticədə təqsirləndirilən şəxs Bəhruz Paşayev tərəfindən ona ziyan ödənildiyi göstərilir. Bu hal da Bəhruz Paşayevə münasibətdə yüngülləşdirici hal kimi qiymətləndirilib”.
Xatırladaq ki, yanğın hadisəsi noyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında baş verib.
Hadisə zamanı 2018-ci il təvəllüdlü Qəmbərli Arzu Əli qızı, 1983-cü il təvəllüdlü Məmmədov Samir Kamal oğlu və 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızı tüstüdən zəhərlənərək ölüblər. Eyni zamanda 25 nəfər tüstüdən zəhərlənib.
Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.
İbtidai istintaqla yaşayış binasının 1-ci və zirzəmi mərtəbəsində yerləşən “Loft Dent” stomatoloji klinikasının direktoru, 1986-cı il təvəllüdlü Bəhruz Paşayevin üzərinə qoyulmuş yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifələrini pozaraq 3 nəfərin ölümünə, 25 nəfərin isə xəsarət almasına, habelə binada olan mənzillərə maddi ziyan vurmaqla ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Bəhruz Paşayevə Cinayət Məcəlləsinin 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən həmin qaydaların pozulması ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə yekun ittiham elan olunub.
Bəhruz Paşayevin barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
bakupost.az