Вернуться назад Распечатать

Elşən Salahov Buzovnada vətəndaşlarla görüşdü

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Buzovna qəsəbəsinin ağsaqqalları və sakinləri ilə birlikdə Əziz Mirəhmədov küçəsində həyata keçirilən drenaj sistemi layihəsi üzrə görülən işlərin gedişatı ilə yerində tanış olub.

1xeber.media xəbər verir ki, qəsəbənin Heydər Eyvazov və Xurşidbanu Natəvan küçələrinin kəsişməsində, eləcə də Əziz Mirəhmədov küçəsində yeraltı qrunt sularının səthə çıxması və drenaj sisteminin olmaması səbəbindən suların hərəkət hissəsinə axması yol örtüyünün deformasiyasına, həmçinin nəqliyyat vasitələrinin hərəkətində çətinliklərin yaranmasına səbəb olmuşdur.

Mövcud vəziyyətlə bağlı Xəzər Rayon İcra Hakimiyyətinin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ünvanladığı müraciət əsasında ərazidə drenaj sisteminin inşası istiqamətində müvafiq tədbirlərin icrasına başlanılmışdır. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən həyata keçirilən layihə çərçivəsində Əziz Mirəhmədov küçəsi boyunca uzunluğu 520 p/m olan drenaj xəttinin çəkilişi nəzərdə tutulur. Yeni drenaj sistemi ərazidə toplanan qrunt və yağış sularının kənarlaşdırılmasını təmin etməklə həmin suların Mərdəkan–Buzovna avtomobil yolunun kənarında yerləşən mövcud yağış suları şəbəkəsinə ötürülməsinə xidmət edəcəkdir.

İcraçı qurum tərəfindən layihənin icra vəziyyəti barədə məlumat verilərək bildirilib ki, drenaj xəttinin 152 p/m hissəsində tikinti-quraşdırma işləri başa çatdırılmış, həmçinin 3 ədəd baxış quyusu quraşdırılmışdır.

Rayon rəhbəri layihənin müəyyən edilmiş qrafikə uyğun və keyfiyyətlə icra edilməsinin vacibliyini vurğulayaraq aidiyyəti qurumların nümayəndələrinə işlərin sürətləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Hazırda drenaj xəttinin tikintisi üzrə işlər davam etdirilir.