Вернуться назад Распечатать

Taleh Qaraşov Lənkərandakı “Dairəvi qala”da aparılan bərpa işləri ilə tanış oldu

Lənkəran şəhərində yerləşən yerli əhəmiyyətli memarlıq abidəsi olan “Dairəvi qala”da bərpa işlərinə start verilib. Qeyd edək ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə aparılan bərpa işləri Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzarəti altında həyata keçirilir.

1xeber.media  xəbər verir ki, iyunun 4-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov tarixi abidədə aparılan bərpa işləri ilə tanış olub. İş icraçıları tərəfindən bildirilib ki, bərpa işlərinin aparılmasında məqsəd abidənin tarixi görkəminin qorunması, konstruktiv dayanıqlılığının təmin edilməsi və ziyarətçilərin rahatlığı üçün müvafiq infrastrukturun yaradılmasıdır. Layihə çərçivəsində qalanın dam örtüyü bərpa olunacaq, təbii təsirlər nəticəsində yararsız hala düşmüş daşları orijinalına uyğun materiallarla əvəz ediləcək, hörgülərarası birləşmələr xüsusi məhlulla doldurulacaq. Eyni zamanda, tikilinin aşınma və nəmə qarşı davamlılığını artırmaq məqsədilə qoruyucu məhlullar tətbiq olunacaq, ərazidə abadlıq və infrastruktur işləri görüləcək.

Qeyd edək ki, bərpa işləri yekunlaşdıqdan sonra qala yenidən ziyarətçilərin istifadəsinə veriləcək.