Вернуться назад Распечатать

Kredit borcunu bu yolla silmək istəyənlərə xəbərdarlıq — AÇIQLAMA

Sosial şəbəkələrdə son günlər ən çox paylaşılan və müzakirə edilən iddialardan biri də psixiatrik xəstəxanalara yerləşdirilən şəxslərin banklara olan kredit borclarının avtomatik silinməsi ilə bağlıdır. Bir çox istifadəçi tərəfindən real çıxış yolu kimi təqdim edilən bu məlumat qısa müddətdə geniş kütlənin diqqətini çəkməyi bacarıb. Lakin hüquqşünaslar və bank ekspertləri bu növ iddiaların heç bir qanuni əsasının olmadığını və tamamilə yanlış anlaşıldığını bildirirlər. Mövzu ilə bağlı acı reallıqları, qanunun hansı hallarda güzəşt etdiyini və sosial şəbəkə trendlərinin pərdəarxasını araşdırdıq.

1xeber.media xəbər verir ki,AQC İdarə Heyətinin sədri, iqtisadçı-ekspert Vüqar Oruc Demokrat.az-a deyib ki, bu barədə hər hansı rəsmi hüquqi əsas yoxdur ki, psixi sağlamlıq problemi yaşayan və ya ruhi xəstəlik səbəbindən müalicə müəssisəsinə yerləşdirilən şəxslərin kredit borcu avtomatik şəkildə silinsin:

“Belə bir qayda və ya qanun mövcud deyil. Yalnız o halda müəyyən istisna yarana bilər ki, vətəndaş kredit götürən zaman bankla birlikdə sağlamlıq sığortası və ya digər riskləri əhatə edən sığorta müqaviləsi bağlamış olsun. Əgər həmin müqavilədə bu kimi hallar nəzərdə tutulubsa, o zaman sığorta şirkəti kredit götürən şəxsin ödəmə qabiliyyətini itirməsi səbəbindən borcun ödənilməsini öz üzərinə götürə bilər. Amma vətəndaşın sonradan psixi sağlamlığında yaranan dəyişiklik onun banka olan borcunun avtomatik olaraq sıfırlanması demək deyil. Bu barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Əgər kredit götürülən zaman hər hansı sığorta sənədi imzalanmayıbsa və risklər sığortalanmayıbsa, həmin borcun bağlanmasından ümumiyyətlə söhbət gedə bilməz”. 

O bildirib ki, kredit öhdəliyi vətəndaş tərəfindən könüllü şəkildə qəbul olunub və hüquqi qüvvəyə malikdir:

“Belə hallarda vətəndaşın səhhətində ciddi dəyişiklik baş verərsə, ona qəyyum təyin oluna bilər və bank da sonrakı hüquqi və maliyyə məsələlərini həmin qəyyum vasitəsilə həll edir. Eyni zamanda, bank istisna hallarda öz daxili qərarı əsasında borcun ödəniş müddətini uzada və ya müəyyən güzəştlər tətbiq edə bilər. Hətta bəzi hallarda fərdi qaydada borcun ləğvi ilə bağlı qərar da verilə bilər. Lakin bu, bankın öz səlahiyyətində olan məsələdir və avtomatik hüquqi norma hesab edilmir. Bu səbəbdən də vətəndaşın psixi sağlamlığında baş verən dəyişikliklərə görə banka olan kredit borcunun avtomatik silinməsi ilə bağlı yayılan məlumatlar hüquqi baxımdan doğru deyil”.