Вернуться назад Распечатать

Əgər Azərbaycan müharibə istəyirsə...

Ermənistanda seçkilər finiş xəttinə çatıb. Son zamanlar Ermənistan mətbuatını daha çox izləməyə vaxt ayırıram, çünki bu seçkilərin regionumuza təsirləri olacaq. Paşinyan və komandası ilə üç əsas rusiyapərəst partiyanın ritorikası keçmişdə ilişib qalıb və eyni zamanda elementar məntiq ardıcıllığını da itirib.

1xeber.media xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli deyib.

İqtisadçının sözlərinə görə, Paşinyan gələcəkdən danışır, onlar isə keçmişdən:

“Amma bəzi iddialar açıq-aşkar məntiqsizlik yaradır və bu, insanı düşündürməklə yanaşı, müəyyən mənada gülümsədir. Məsələn, həmin üç partiya israrla bildirir ki, Azərbaycan və Türkiyə Paşinyanı dəstəkləyir və onun seçilməsini istəyir. Ardınca isə eyni partiyalar deyir ki, Azərbaycan sülh istəmir, Türkiyə ilə birlikdə müharibəyə hazırlaşır. Burada ziddiyyət açıqdır. Əgər Azərbaycan müharibə istəyirsə, məntiqlə Paşinyanı deyil, həmin üç partiyanın hakimiyyətə gəlməsində maraqlı olardı. Çünki onların ritorikasında daha çox revanş və gərginlik xətti görünür. Sadə məntiq budur: əgər biri sülhdən, digəri müharibədən danışırsa, tərəflərin mövqeyi də buna uyğun formalaşmalıdır. Əksini iddia etmək isə arqumentin özünü zəiflədir”.

Qeyd edək ki, Ermənistanda parlament seçkiləri 7 iyunda keçiriləcək.